Bu gün Almaniyada yaşayan DAS təşkilatının siyasi fəalları və Azərbaycan Xalq Parlamentinin (AzXP) həmtəsisçiləri Almaniyanın Gisen şəhərində “Gießener Allgemeine Zeitung“ mətbuat orqanı qarşısında noyabrda keçiriləcək “COP 29” tədbirinə qarşı etiraz aksiyası keçiriblər.
DAS təşkilatının fəal üzvlərindən olan aksiya təşkilatçıları Aygül Əsgərzadə, Vüsal Hüseynov, Orxan Həsənli, Muxtar Quliyev və Fərid Səmədov Azərbaycanda hakimiyyət tərəfindən həbs olunan 300 -dən çox siyasi fəalın və dini inanclı şəxslərin azadlığını tələb ediblər.
Azərbaycan Xalq Parlamentinin (AzXP) həmtəsisçilərindən olan Abid Qafarov redaksiya heyətinın əməkdaşına “COP 29” ərəfəsində həbs olunan ekologiya məhbusları və jurnalistlər barədə, eləcədə Azərbaycanda ekoloji problemlər haqqında məlumat verib.
Aksiya polisin müşayəti altında başa çatıb.
Redaksiyaya Azərbaycanda insan haqlarının kobud şəkildə pozulması, söz azadlığının olmaması sosioloji problemlərin günü gündən artması diqqətə çatdırılıb.
Sonda COP 29-un Azərbaycanda keçirilməsi pislənərək redaksiyaya DAS təşkilatı və Azərbaycan Xalq Parlamentinin Müraciəti təqdim olunub:
DAS təşkilatı və Azərbaycan Xalq Parlamentinin Müraciəti
COP29 Beynəlxalq İqlim Konfransı İştirakçıları olan dövlətlərin başçılarına və parlamentlərinə, BMT Baş katibinə və İnsan Hüquqları Komissiyasına, Avropa Birliyinin Prezidentinə və Parlamentinə, Avropa Şurasının Baş Katibinə və Parlament Assambleyasına, ATƏT-in Parlament Assembleyasına və Demokratiya və İnsan Hüquqları Bürosuna, Beynəlxalq İnsan Hüquqları Təşkilatlarına («Human Rights Watch», «Helsinki Foundation», «Freedom House» və s.)
Dünyanın aparıcı kütləvi İnformasiya Vasitələrinə
Dünya bu gün dərin qlobal siyasi, iqtisadi, ekoloji böhran dövrünü yaşayır. İnsanlıq ikinci dünya müharibəsindən sonra böyük bir krizis içərisindədir. Rusiyanın Ukraynaya təcavüzü, yaxın şərqdə alovlanan yeni müharibə ocaqları, Ermənistan tərəfindən işğal olunmuş Qarabağ və ətraf rayonların Azərbaycan ordusu tərəfindən azad edilməsindən sonra sona çatmış müharibənin hələ də sülh müqaviləsiylə nəticələnməməsi, Rusiyanın Cənubi Qafqazda yaratdığı süni gərginlik ocaqlarının mövcudluğu, Afrika ölkələrində hökm sürən səfalət, epidemiyalar, bütövlükdə dünya əhalisi arasında hər an gözlənilən virus pandemiyaları, qloballaşan dünyanın ciddi təhlükə ilə üz-üzə qaldığından xəbər verir. Çoxsaylı qlobal təhlükələrin başında isə iqlim dəyişiklikləri, ekoloji fəlakətlər, təbiətin zərərli tullantılarla çirkləndirilməsi, atmosferə atılan karbohidrogen tullantıları (CO2 və sair) ilə zəhərlənməsi dayanır. Karbohidrogen yataqları ilə zəngin olan bütün ölkələrdə olduğu kimi Azərbaycanda da ətraf mühitin çirkləndirilməsi, sağlam ekoloji mühitin yaradılmaması, yaşıl enerjiyə keçidin ləngiməsi kimi problemlərin mövcudluğu beynəlxalq ictimaiyyət üçün aktuallığını qorumaqdadır.
COP Beynəlxalq İqlim Konfranslarının keçirilməsi çox mühüm əhəmiyyətə malik bir hadisədir. İqlim dəyişikliyinin yol açdığı ekoloji və təbii fəlakətlərin planetimiz üçün ciddi təhdid olduğu bir dövrdə ətraf mühitin qorunması, təbiətin mühafizəsinin gücləndirilməsi, kompleks ekoloji tədbirlər planının hazlrlanması bu sahədə ümumi strategiyanı müəyyənləşdirməyin nə qədər zəruri olduğunu göstərir.
Lakin Azərbaycan ekoloji fəlakətlərdən daha dəhşətli fəlakət içərisindədir. COP Beynəlxalq İqlim Konfransları və bu istiqamətdə keçirilən digər tədbirlərin hamısı insanların və digər canlıların sağlam ətraf mühitdə yaşamaq hüququnun qorunması üçün olsa da, belə tədbirlərin Azərbaycanda keçirilməsi dünya ictimaiyyətinin aldadılmasıdır, çünki Azərbaycanın mütləqiyyət rejimi 30 ildən çoxdur ki, vətəndaşlarımızın bütün fundamental hüquq və azadlıqlarını kobud şəkildə pozmaqdadır. İnsanlar siyasi, dini, iqtisadi və etnik diskriminasiyaya uğrayır, polis idarələrində, həbsxanalarda vətəndaşlarımız ağlasığmaz işgəncələrə məruz qalır. Əliyevlərin tiran rejimi ölkədə demokratiyanı, hüququ, azad medianı məhv etmişdir. Siyasi partiyaların fəaliyyəti tamamilə məhdudlaşdırılıb, ölkə ərazisində keçirilən bütün seçkilər kütləvi şəkildə saxtalaşdırılır. Ölkədə yaşamaq hüququ, sərbəst toplaşmaq hüququ, sərbəst hərəkət etmə azadlığı demək olar ki, yox dərəcəsindədir. Ölkənin quru sərhədləri 4 ildən çoxdur ki, qapalı vəziyyətdədir.
Azərbaycanda Sülh və Demokratiya İnstitutunun 23 sentyabr 2024-cü il tarixinə olan məlumatına əsasən 319 siyasi məhbus var (tam siyahı bu Müraciətə əlavə edilir) və onların sayı hər gün artmaqdadır. Siyasi məhbusların hər biri insan haqları uğrunda mübarizə apardığı üçün həbs edilib. Onların arasında siyasi fəallar, media mənsubları, blogerlər, hüquq müdafiəçiləri, alimlər, ziyalılar, dindarlar, əlillər, qanunsuz həbs edildiklərinə görə uzun müddət aclıq keçirənlər və nə qədər paradoksal səslənsə də, ekologiya məhbusları (Nazim Bəydəmirli, Coşqun Musayev və Teymur Kərimov) da var.
Siyasi məhbuslar arasında ayrı-seçkilik salmamaq üçün biz bu Müraciətimizdə onların hər hansı birinin adını çəkmək istəmirik. Siyasi məhbusların hər birinin bu gün diqqətinizə ehtiyacı var, onların da sağlam ekoloji mühitdə insan kimi azad yaşamaq haqları vardır.
Son dörd ildə, 23 nəfəri özünü yandırmaqla, 123 müharibə veteranı intihar edib. Atmosferi insan intiharları ilə çirklənən bir ölkədə COP29 “İqlim Konfransı” keçirmək nə qədər məntiqlidir?
Əliyevlər mütləqiyyəti ölkə iqtisadiyyatını özəlləşdirib, ölkənin təbii sərvətlərinə şəxsi mülkiyyəti kimi baxır, ölkədə korrupsiya tuğyan edir, insan haqları heç bir səviyyədə tanınmır və insanların dolanışıq vasitələrini əlindən almaqla Azərbaycan xalqına qarşı soyqırım cinayəti törədir.
Belə bir şəraitdə, Azərbaycan Xalq Parlamentinin təsisçiləri olaraq, COP 29 iştirakçılarını sadaladığımız problemlərə diqqət etməyə dəvət edirik.
Yuxarıdakıları nəzərə alaraq, COP29 iştirakçılarını, Azərbaycan Hökumətinin siyasi məhbusların azadlığa buraxılma öhdəliyini öz üzərinə götürmədiyi halda, COP29-u boykot etməyə çağırırıq.
Hörmətlə,
DAS təşkilatı və Azərbaycan Xalq Parlamentinin təsisçiləri 18.10.2024