
Yanvarın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.
AzadlıqRadiosunun məlumatına görə, iş üzrə həbs olunan şəxslər xarici ölkələrə etdikləri səfərlərin qaçaqmalçılığın sübutu kimi təqdim edilməsinə etiraz ediblər və bunu absurd adlandırıblar.
Bugünkü prosesdə təqsirləndirilən şəxslər işə baxan hakimlər kollegiyasına — Azər Tağıyev, Elnur Nuriyev və Roman Ələkbərovdan ibarət heyətə bir daha etirazlarını ifadə ediblər. Etirazı səsləndirən Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov bildirib ki, məhkəmə prosesi ədalətli aparılmır və iş üçün əhəmiyyətli olan vəsatətlərin heç biri təmin edilmir.
Əvvəlki etirazlar kimi, bu etiraz da baxılmamış saxlanılıb.
Akif Qurbanov xarici səfərlərin qaçaqmalçılıq ittihamına əsas kimi göstərilməsinə də münasibət bildirib. O, əslən Gürcüstandan olduğunu, həmin ölkədə qohumlarının yaşadığını qeyd edərək Gürcüstana səfərlərinin cinayət məqsədi ilə əlaqələndirilməsini əsassız sayıb:
“ABŞ-yə, Almaniyaya və digər ölkələrə dəvət olunmuşam, səfərə getmişəm. Bu səfərlərin tarixlərini cinayət işinə köçürüblər və bunu qaçaqmalçılığın sübutu kimi təqdim edirlər. Ayıbdır, bu qədər də olmaz. Bizim xarici səfərlərimiz niyə ittiham predmetinə çevrilməlidir?”
Digər təqsirləndirilən şəxslər də oxşar etirazlar səsləndiriblər. “Toplum TV”nin təsisçisi, hüquqşünas Ələsgər Məmmədli bildirib ki, bəzi xarici səfərlərdə dövlət rəsmiləri ilə birlikdə iştirak ediblər.
Jurnalist Müşfiq Cabbarov isə həbsindən az əvvəl xarici ölkələrdən birindən avtomobil aldığını deyib. Onun sözlərinə görə, 2024-cü ilin martında həbs edildiyindən avtomobili Bakıda gömrükdən buraxdırmaq mümkün olmayıb və avtomobil gömrük ərazisində qalıb.
Vəkil Rəsul Cəfərov bildirib ki, hazırda avtomobilin harada olduğu məlum deyil:
“Sorğular göndərmişik, amma nəticə yoxdur. Maşının gömrükdən sonra hara aparıldığı bilinmir”.
Hakim Azər Tağıyev məhkəmənin də məsələ ilə bağlı sorğu göndərdiyini və avtomobilin aqibətinin araşdırılacağını bildirib.
“Toplum TV işi” üzrə məhkəmə prosesi yanvarın 7-də davam etdiriləcək.