Yonhap xəbər agentliyi hərbi dairələrdəki mənbələrə istinadən xəbər verir ki, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri KXDR-dən Yapon dənizi istiqamətində iki mərmi atdığını qeydə alıb. Ehtimal ki, bunlar qanadlı raketlər idi. Pxenyana oxşar hərəkətlər barədə sonuncu dəfə 2021-ci ilin sentyabrında məlumat verilib.
Jurnalistlərin fikrincə, ballistik raket buraxılışlarından fərqli olaraq qanadlı raket sınaqları BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmur. Buna görə də Cənubi Koreya ordusu adətən onlar haqqında ictimaiyyətə məlumat vermir.
Şimali Koreya bu il qətnamələri pozan dörd silah sınağı keçirib. Belə ki, Seulun məlumatına görə, yanvarın 5 və 11-də Şimali Koreya hipersəs raketlərini sınaqdan keçirib. Daha sonra yanvarın 14-də Pxenyan dəmiryol raket sistemindən iki qısa mənzilli ballistik raketi, yanvarın 17-də isə eyni mənzilli iki taktiki idarə olunan raketi buraxıb.