
Çin Prezidenti Si Cinpin ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüş başa çatıb. İki saatdan artıq davam edən danışıqlarda ikitərəfli münasibətlər, regional və qlobal təhlükəsizlik məsələləri, iqtisadi əməkdaşlıq və geosiyasi risklər geniş şəkildə müzakirə olunub.
Görüş zamanı əsas diqqət çəkən mövzulardan biri Tayvan məsələsi olub. Si Cinpin bildirib ki, Tayvanın müstəqilliyi ilə Tayvan boğazındakı sabitlik bir-birinə zidd anlayışlardır və məsələnin yanlış idarə olunması iki ölkə arasında ciddi qarşıdurmaya səbəb ola bilər.
“Tayvan məsələsi Çin-ABŞ münasibətlərində ən vacib məsələdir. Əgər düzgün həll olunmasa, bu, iki ölkəni qarşı-qarşıya gətirə və hətta toqquşmaya səbəb ola bilər”, – deyə Çin lideri vurğulayıb.
Si Cinpin həmçinin qeyd edib ki, Çin və ABŞ rəqib deyil, tərəfdaş olmalıdır. Onun sözlərinə görə, iki ölkənin ortaq maraqları fikir ayrılıqlarından daha çoxdur və tərəflər qarşılıqlı əməkdaşlıq yolu ilə həm öz xalqlarının rifahına, həm də qlobal sabitliyə töhfə verə bilər.
Çin lideri iqtisadi münasibətlərə də toxunaraq bildirib ki, Çin və ABŞ arasında ticarət əlaqələri qarşılıqlı faydaya əsaslanır və “ticarət müharibələrində qalib olmur”. O, fikir ayrılıqlarının yalnız bərabər əsasda dialoq yolu ilə həll edilə biləcəyini qeyd edib.
ABŞ Prezidenti Donald Tramp isə ilk açıqlamasında Si Cinpinə hörmətini ifadə edib. Tramp Çin liderini “böyük lider” adlandıraraq onunla dostluq münasibətlərindən məmnun olduğunu bildirib.
“Si Cinpin, siz böyük lidersiniz. Sizinlə birlikdə olmaqdan və dostunuz olmaqdan şərəf duyuram. Çin ilə ABŞ arasındakı münasibətlər indiyə qədər olduğundan daha yaxşı olacaq”, – deyə Tramp bildirib.
ABŞ prezidenti əlavə edib ki, Vaşinqton və Pekin indiyədək mövcud çətinliklərin öhdəsindən gəlməyi bacarıb və gələcəkdə də əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.
Görüşdə Yaxın Şərqdəki vəziyyət, Rusiya-Ukrayna müharibəsi və digər beynəlxalq təhlükəsizlik məsələləri də müzakirə edilib.