Əziz və dəyərli millətim, sizi bir azərbaycanlı olaraq çox sevirəm və heç vaxt millətimin qara günçülükdə yaşaması, ədalətsizliyin məngənəsində boğulması ilə razılaşmamışam. Buna görə də işimdən,biznesimdən və bütün əlimdəki şanslarımdan oldum.Qətiyyən də peşman deyiləm. İstər vətəndaş cəmiyyətinin fəalları olsun,istər də canım Azərbaycanımın sadə vətəndaşları. Bir şeyi anlamalıyıq ki, biz artıq yumruq olmalıyıq. Köhnələr yeni qüvvələrə ya istiqamət verməlidir, ya da ən azından əzilməməsi üçün həmrəylik göstərməlidir.Biz nə qədər tez bütövləşə bilsək kimsə bizləri əzə bilməz.
Əvvəlki yazılarımda qeyd etdiyim kimi, hərəkatımıza və şəxsən mənə olunan təzyiqlərin ardı-arası kəsilmir.Lakin,biz sıxışdıqca təklənirik.Amma, bu o demək deyil yolumuzdan dönəcəyik.Əsla !
Bəxtiyar Hacıyev məsələsi ictimai fəalları,müxalif düşərgəni elə silkələdi ki, bundan sonra bir qaşıq suda boğulanı da həmin öndə olan fəallar müdafiə etməyə çəkinir.
Ən azından nüfuzlarının düşəcəyindən qorxurlar. Ancaq, anlamalıyıq şəxsi nüfuzun yerlə yeksan olması bahasına olsa belə gecikmiş bütövləşməni başlatmalıyıq. Ən azından insan kimi yaşamaq hüquqlarımız tapdalanmasın.
Mənə hər formada edilən təzyiqlər,təhqirlər gözümü açmağa imkan vermir. Buna baxmayaraq cəbhədə tək qalmış komandan kimi son mərmimi özümə saxlayıb döyüşürəm. Bezmiş adamın itirməyə heçnəyi qalmır. Bunu da unutmayaq. Bəli, Xalq olaraq problemlərin bataqlığından cana doymuşuq, bezmişik.
Feysbuk profilimin "Hack" edilməsi və ailəmə aid şəkillərin paylaşılması, mənim şəkillərimin təhqir olunması onu göstərir ki, düşmən amansızdır. Məhv etmək üçün, hərcür iyrənc metodlara əl atar və rəhm hissini unudub. Buna görə də cəlladdan rəhm gözləmək ağılsızlıqdır.
Ailəmə sataşan, şəkillərimi təhqir edən şəxs və ya şəxslər düşünürlər ki, zəif nöqtəmə toxunurlar.Ancaq, elə bilsinlər.
Zatən, sizlərdən kişi kimi mübarizə də gözləmirdim.
Bu ölkədə kişilik deyəndə, şüurlarımızda təkcə cinsimiz başa düşülür,əməllərimiz deyil.
Bığdan-saqqala da şikayət etmək fikrim yoxdur. Vaxt itkisidir. Bir-birimizi zamanla müxalif düşərgə olaraq çox ittiham etmişik. Yalan, "Pripiska", ikiüzlü oyun , müxalif düşərgənin monopolisti və s.
Gəlin, hamılıqla bu ittihamları arxivə qovuşduraq.
Xalq, Millət naminə şəxsi incikliklərə son verək.
Sonra gec olacaq !
SÜXH Sədri Ramin Əliyev