Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı, 88-ci sutkadır aclıq edən Əlizamin Salayevin vəziyyəti kritikdir. Bu barədə mayın 5-də vəkil Fəxrəddin Mehdiyev 1 saylı İstintaq Təcridxanasında Salayevə baş çəkdikdən sonra Turan-a bildirib.
“Arterial təzyiqi 80/60-dır. 45 kiloqram arıqlayıb (118 kiloqramdan 73 kiloqrama düşüb). Mədəsində, böyrəklərində və ürəyində kəskin ağrılar var, ayaqları tutulur. Nəzarətçilər əllərindən tutaraq aparırlar", - vəkil deyib.
Onun sözlərinə görə, Salayevə məcburi sistem köçürürlər. "O, bunun dayandırılmasını tələb edir və məcburi inyeksiyalar davam edərsə, Salayev quru aclığa keçəcək", - vəkil deyib.
Ombudsmanın, Baş Prokurorluğun, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Salayevə baş çəkdikdən sonra müsbət dəyişiklik yoxdur.
Aclığı dayandırmaqla bağlı qohumların, vəkillərin, tərəfdarların çoxsaylı xahişlərinə baxmayaraq, Salayev bundan imtina edir.
*Xatırladaq ki, fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi Salayevi üç ay müddətinə həbs edib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə cinayət işi açılıb. Fəalı 5 ilədək həbs təhlükəsi gözləyir.
Salayev məhkəmədə bildirib ki, ona qarşı irəli sürülən ittiham yalandır və sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyinə görə cəzalandırılır. Hüquq müdafiəçiləri Zamin Salayevi siyasi məhbus kimi tanıyıblar.