Sosial şəbəkələrdə “Nikosayağı” kimi tanınan bloger Nicat Şakirli dostunun ölümünə səbəb olan yol qəzasını törətməkdə təqsirli bilinib və ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib.
İstintaq və məhkəmə dövründə azadlıqda olan bloger hökmdən sonra da həbs olunmayıb. Hökmə əsasən, o, verilən cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir.
Hakim Samir Əliyevin sədrliyilə çıxarılan hökmə əsasən, o, Cinayət Məcəlləsinin 263-1.3 (yol hərəkəti qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan pozma - ölümə səbəb olduqda) maddəsilə təqsirli bilinib.
Təqsirləndirilən bloger özü də son sözündə peşmanlığını dilə gətirib. O vurğulayıb ki, qardaş qədər yaxın olduğu dostunun ölümünə səbəb olduğuna görə çox peşmandır, daxilən əzab çəkir:
“Onsuz da Allah mənim cəzamı verib. Bu cəza, bu əzab ömür boyu mənim içimdədir. Məhkəmənin də mənə verəcəyi istənilən cəzaya hazıram”.