Həbsdə olan iqtisadçı Fazil Qasımov 67 gündür ki, qanunsuz həbsinə etiraz olaraq aclıq edir.
Bu barədə avqustun 19-da vəkil Rövşanə Rəhimli Fazil Qasımovla görüşdən sonra bildirib.
Onun sözlərinə görə, aclıq Qasımovu taqətdən salıb.
“O çox arıqlayıb. Təmiz taqətdən düşüb. Çoxsaylı ağrıları var. Ayaqlarında uyuşmalar var, belində, böyrəklərində, ürəyində sancılar olur. Qış paltarı geyinib, təzyiqi o qədər aşağıdır ki, titrəyir. Dedi ki, avqustun 29-da keçiriləcək məhkəmə iclasınadək bəlkə də həyatda olmayacaq”, - vəkil qeyd edib.
Fazil Qasımovla görüşdən sonra onun qardaşı Nazim Qasımov bildirib ki, qardaşı artıq 24 kiloqram çəki itirib.
“Onun çəkisi 67 kiloqramdan 43 kiloqramadək azalıb. Sərbəst şəkildə gəzə bilmir. Görüşə divardan tuta-tuta gəlmişdi. Qalın qış paltarı geyinmişdi. Yayın istisinə baxmayaraq ,bədəni titrəyirdi, çox üşüyürdü. Məndən qalın paltar gətirməyimi xahiş etdi. Səsi demək olar ki, çıxmır. Güclə dedi ki, artıq gücü tükənir, şiddətli ağrıları var. Bildirdi ki, hər şeyə hazır olum. Onun ölüm xəbərini eşitsəm anamdan uzun müddət gizli saxlayım”, - o deyib.
Penitensiar Xidmətin müalicə müəssisəsindən Fazil Qasımovun səhhəti barədə məlumat almaq mümkün olmayıb.
Qeyd edək ki, 1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində saxlanılan Fazil Qasımov aclıq etməsilə əlaqədar səhhətinin kəskin pisləşdiyinə görə iyulun 26-a keçən gecə Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.
Türkiyədə yaşayan Qasımov 8 avqust 2023-cü ildə İstanbulda həbs olunaraq Azərbaycana gətirilib. O, Qubad İbadoğluna qarşı cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi (mütəşəkkil qrupun tərkibində saxta pul və ya xarici valyutanın hazırlanması və satışı), habelə 167-3.1-ci (dini-ekstremizmyönlü fəaliyyət) maddəsilə ittiham olunur.
Fazil Qasımov bildirib ki, Qubad İbadoğlu ilə ünsiyyəti 2020-ci ilin martında virtual formada başlayıb, lakin onlar heç bir qanunsuz hərəkət törətməyiblər.
Hazırda Fazil Qasımovun cinayət işinə Qubad İbadoğlunun cinayət işindən ayrı baxılır. Avqustun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyilə Fazil Qasımovun işi üzrə ilkin dinləmə başlayıb.