"AbzasMedia"nın bir ildən çoxdur həbsdə saxlanılan daha bir əməkdaşı, jurnalist Nərgiz Absalamovanın 1 saylı Bakı İstintaq Təcridxanasında zorakılığa məruz qaldığı bildirilir.
Bu barədə jurnalistin özü ailəsinə məlumat verib.
O bildirib ki, vəkillə görüşdən qayıdarkən Sevinc Vaqifqızının saxlanıldığı kameraya yaxınlaşaraq ona salam vermək istəyib. Bu zaman onu xüsusi zorakılıqla kameranın qarşısından uzaqlaşdırmağa çalışan Aygül Babayeva adlı nəzarətçi dırnaqları ilə jurnalistin qolunu bir neçə yerdən dərin cızıb. Nəticədə Absalamovanın qolunda yara izləri yaranıb.
Jurnalistin bildirdiyinə görə, bu, həmin nəzarətçinin ilk belə davranışı deyil. O, bundan əvvəl də bir neçə dəfə onlara qarşı xüsusi zorakılıq və kobudluq hallarına yol verib.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən münasibət almaq mümkün olmayıb.
Aygül Babayeva bir neçə həftə əvvəl "AbzasMedia"nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızına qarşı da zorakılıq edib. Bu barədə Vaqifqızı özü məlumat verib. O deyib ki, ailəsinə zəng etməyə gedərkən həmkarı Elnarə Qasımovanın saxlanıldığı kameranın nəfəsliyinə yaxınlaşıb salam vermək istəyib. Bu zaman Aygül Babayeva onun qolunu şiddətlə sıxaraq divara doğru itələyib.