Həbsdə olan ictimai fəal və “Yoldaş Media”nın təsisçisi Əhməd Məmmədlinin səhhətində ciddi problemlər yaranıb. Bu barədə onun həyat yoldaşı Türkan Məmmədli məlumat yayıb.
Türkan Məmmədlinin sözlərinə görə, Əhməd Məmmədli ailəsi ilə son görüşündə bildirib ki, təcridxanada astma xəstəliyi güclənib, nəfəs almaqda çətinlik çəkir və polisin zərbə endirdiyi gözü tor görməyə başlayıb. Həyat yoldaşı onun vəziyyətinin ağırlaşdığını və təcili həkim nəzarətinə ehtiyacı olduğunu qeyd edir.
Əhməd Məmmədlinin Hüquqlarını Müdafiə Komitəsi də məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, fəal genetik olaraq astma xəstəsidir və daha öncə gözündən iki dəfə əməliyyat olunub. Komitə onun daimi həkim nəzarətində olmalı olduğunu və həbs şəraitinin onun səhhəti üçün təhlükəli olduğunu vurğulayır. Bu səbəbdən fəalın ev dustaqlığına buraxılması tələb olunur.
Qeyd edək ki, Əhməd Məmmədli mayın 6-da saxlanılıb, mayın 8-də isə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin “sağlamlığa qəsdən ağır zərər vurma” və “xuliqanlıq” maddələri ilə ittiham olunur. Lakin Məmmədli ittihamları qəbul etmir və həbsi ilə keçmiş siyasi-ictimai və jurnalist fəaliyyətinə görə cəzalandırıldığını bildirir.