İctimaiyyətin diqqətində olan yeni qalmaqalın mərkəzində Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı və jurnalist Toğrul Allahverdiyev yer alıb. Sosial mediada və bəzi xəbər platformalarında yayılan məlumatlara görə, son günlərdə şəxsi həyatı ilə bağlı videosu ictimaiyyətə sızdırılan jurnalist Toğrul Allahverdiyev bu hadisənin arxasında deputat Tənzilə Rüstəmxanlının dayandığını iddia edir.
Mövzu ictimai müzakirəyə çevrildikdən sonra, bu gün hökumətyönlü mətbuat orqanlarından birində “Toğrul Allahverdiyev hekayəsi” adlı məqalə yayımlanıb. Qısa müddət sonra məqalə bir çox saytdan silinib. Həmin məqalədə bildirilir ki, Toğrul Allahverdiyev bir müddət əvvəl Tənzilə Rüstəmxanlının parlament seçkiləri kampaniyasına dəstək verib. Seçkilər başa çatdıqdan sonra o, deputatın köməkçisi olmaq istəsə də, bu vəzifəyə Tənzilə Rüstəmxanlının qohumu təyin olunub. İddialara görə, bu hal Toğrulun narazılığına səbəb olub və o, bununla bağlı rəsmi qurumlara şikayətlər ünvanlayıb.
Məqalədə həmçinin qeyd olunur ki, baş verənlərdən sonra tərəflər arasında münasibətlər pozulub. İddialara görə, Tənzilə Rüstəmxanlı bu hadisələrin ardınca jurnalistə qarşı şəxsi qisas almaq niyyətilə onun şəxsi görüntülərinin yayılmasına səbəb olub.
Hazırda bu iddialar tərəflərdən heç biri tərəfindən rəsmi şəkildə təsdiqlənməyib. Nə deputat Tənzilə Rüstəmxanlı, nə də Toğrul Allahverdiyev hadisə ilə bağlı ictimai açıqlama verməyib. Toğrul Allahverdiyevin görüntülərinin yayılması isə sosial mediada geniş əks-səda doğurub və şəxsi həyat toxunulmazlığı, informasiya təhlükəsizliyi və siyasi motivli şantaj iddialarını gündəmə gətirib.
Hüquqşünaslar bildirirlər ki, şəxsi videomaterialların şəxsin razılığı olmadan yayılması Azərbaycan qanunvericiliyinə görə cinayət məsuliyyəti daşıyır. Belə hallarda həm yayımçılar, həm də sifarişçilər məsuliyyətə cəlb oluna bilər.
Sosial şəbəkələrdə bir sıra ictimai fəallar və jurnalist təşkilatları bu hadisəyə etiraz edərək, şəxsi həyata müdaxiləni pisləyiblər. Onlar həmçinin məsələ ilə bağlı hüquqi araşdırma aparılmasını tələb edirlər.
Məsələ ilə bağlı rəsmi qurumlardan və ya hüquq-mühafizə orqanlarından hələlik heç bir açıqlama verilməyib.