Rusiyanın Yekaterinburq şəhərində keçirilən vəhşilik nəticəsində daha iki azərbaycanlı – Ayaz Möhbalı oğlu Səfərov və onun qardaşı Məzahir Möhbalı oğlu Səfərov – xəstəxanada vəfat edib. Bununla həyatını itirən azərbaycanlıların sayı 5-ə yüksəlib.
İnsidentlə bağlı ilkin məlumatlarda qeyd olunurdu ki, iyunun 27-də səhər saatlarında Rusiya hüquq-mühafizə orqanları – xüsusilə OMON və Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları tərəfindən Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərə basqın təşkil olunub. Rusiya tərəfinin məlumatına görə, əməliyyat 25 il əvvəl baş vermiş cinayət işi ilə bağlı aparılıb.
Rusiya tərəfinin açıqlaması
Sverdlovsk vilayəti üzrə Rusiya İstintaq Komitəsi və Daxili İşlər Nazirliyi birgə yaydığı açıqlamada bildirilib ki, əməliyyat “ötən illərdə baş vermiş cinayətlərin istintaqı çərçivəsində” həyata keçirilib və bir sıra şəxslər saxlanılıb, onların yaşadıqları ünvanlarda axtarışlar aparılıb. Lakin hadisənin detallarına dair əlavə məlumat “istintaqın məxfiliyi” səbəbilə açıqlanmayıb.
Azərbaycan XİN-dən reaksiya
Azərbaycan Xarici İşlər Nazirliyi baş verənlərlə bağlı bəyanat yayaraq hadisəyə dair dərin narahatlığını ifadə edib. Bəyanatda qeyd olunur:
“27 iyun tarixində səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlığımızı bildiririk. Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik.”
Həlak olanların adları
Hazırda ölən şəxslər kimi təsdiqlənən azərbaycanlılar:
1. Ziyəddin Səfərov
2. Hüseyn Səfərov
3. Kamal Qədiməli oğlu Səfərov
4. Ayaz Möhbalı oğlu Səfərov
5. Məzahir Möhbalı oğlu Səfərov
Yaxınlarının bildirdiyinə görə, ölən şəxslər uzun illərdir Yekaterinburqda yaşayır və sahibkarlıq fəaliyyəti ilə məşğul olublar.
Yaralılar və saxlanılanlar
Hadisə nəticəsində azı 9 nəfərin ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi, ümumilikdə isə 50-dən çox şəxsin saxlanıldığı bildirilir. Vəziyyətlə bağlı əlavə məlumatların verilməsi istintaqın gedişinə uyğun olaraq gözlənilir.
Ailə üzvündən açıqlama
Qətlə yetirilən şəxslərin yaxın qohumu Seyfəddin Hüseynli APA-ya açıqlamasında bildirib:
“İki qardaşımı da işgəncə ilə öldürüblər. Onların heç bir müqavimət göstərmədiyi halda bu cür zorakılığa məruz qalması qəbulolunmazdır.
Növbəti addımlar nə ola bilər?
Hadisə cəmiyyətdə və sosial şəbəkələrdə geniş rezonans doğurub. Ekspertlər bildirirlər ki, Azərbaycan dövləti məsələ ilə bağlı həm hüquqi, həm də diplomatik səviyyədə təzyiqləri artırmalı, soydaşların hüquqlarının qorunması üçün Rusiya tərəfi qarşısında konkret tələblər irəli sürməlidir.