Bu gün Bakıda güclü külək səbəbindən uşaqlar üçün qurulmuş hava ilə doldurulmuş attraksion aşaraq yola düşüb. Hadisə Böyük Şor bulvarı ərazisində qeydə alınıb.
İlkin məlumatlara görə, hadisə baş verən zaman attraksionun içərisində bir neçə uşaq olub. Güclü küləyin təsiri ilə attraksion idarəolunmaz vəziyyətdə aşaraq sürüklənib. Attraksionda olan uşaqlar təhlükəli anlar yaşayıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilən məlumata görə, aprelin 27-si saat 15:07-də Böyük Şor bulvarı ərazisindən uşaqların yıxılaraq xəsarət alması barədə çağırış daxil olub. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib. Lakin əraziyə çatan zaman xəsarət alan şəxslərin yerində olmadığı müəyyən edilib.
Hazırda hadisənin təfərrüatları araşdırılır. Attraksionun təhlükəsizlik qaydalarına uyğun qurulub-qurulmadığı, həmçinin hadisə nəticəsində xəsarət alanların olub-olmadığı dəqiqləşdirilir.
Qeyd edək ki, son günlər Bakıda müşahidə olunan güclü külək bir sıra fəsadlara səbəb olub və aidiyyəti qurumlar hava şəraitinə qarşı ehtiyatlı olmağa çağırır.