
Bakıda polis əməkdaşlarına kəsici alətlə müqavimət göstərən şəxs zərərsizləşdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə gecə saatlarında baş verib. Narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxs saxlanılarkən cinayət təqibindən yayınmağa cəhd edib.
Əvvəllər dəfələrlə məhkum olunan, 1986-cı il təvəllüdlü Rahib Məmmədov əlindəki kəsici alətlə — rezakla — polis əməkdaşlarına müqavimət göstərib. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, o, hərəkətlərini dayandırmayıb.
Nəticədə, polis tərəfindən xidməti tabel silahı tətbiq edilərək şübhəli zərərsizləşdirilib. Rahib Məmmədova ilkin tibbi yardım göstərildikdən sonra o, xəstəxanaya yerləşdirilib.
Hadisə yerində onun üzərindən külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam edir.