
“Azərbaycan Dəmir Yolları” QSC yay mövsümü ilə əlaqədar bir sıra istiqamətlər üzrə əlavə qatar reyslərinin təşkil olunduğunu açıqlayıb.
ADY-dən verilən məlumata görə, 13 iyun–31 avqust tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə qatarlar hər həftəsonu — şənbə və bazar günləri hərəkət edəcək. Milli bayram günlərində isə əlavə reyslər də nəzərdə tutulub.
Bildirilib ki, Bakıdan qatarlar şənbə günləri saat 08:30-da, Ağstafadan isə bazar günləri saat 17:15-də yola düşəcək.
Bakı–Qəbələ–Bakı marşrutu üzrə də yay mövsümündə sərnişin tələbatına uyğun olaraq həftəsonu reyslər davam etdirilir. İyunun 26-da bu istiqamətdə əlavə reys həyata keçiriləcək.
Eyni zamanda, iyulun 4-dən etibarən Bakı–Qəbələ qatarlarının Ucar stansiyasında da dayanacağı nəzərdə tutulur. Qatar Bakıdan saat 07:30-da, Qəbələdən isə saat 19:00-da hərəkət edəcək.
Bundan başqa, Bakı–Balakən–Bakı marşrutu üzrə hərəkət cədvəlində dəyişiklik edilib və iyulun 1-dən yeni qrafik tətbiq olunacaq. Sərnişin tələbatını qarşılamaq məqsədilə bəzi günlərdə vaqon sayı 9-a çatdırılacaq.
ADY həmçinin Abşeron dairəvi dəmir yolu xəttinin bayram günlərində qeyri-iş günü qrafikinə uyğun işləyəcəyini bildirib.