
Litvanın paytaxtı Vilnüsdə hava məkanına pilotsuz uçuş aparatı (PUA) daxil olması ehtimalı səbəbilə qısamüddətli həyəcan siqnalı verilib və NATO qırıcıları havaya qaldırılıb.
Bu barədə LRT nəşri məlumat yayıb.
Məlumata görə, Vilnüs sakinləri ölkə hava məkanında dron aşkar edilməsi ehtimalı ilə bağlı xəbərdar edilib. Təhlükəsizlik protokollarına uyğun olaraq dərhal hərbi aviasiya aktivləşdirilib və NATO qırıcıları patrul uçuşuna cəlb olunub.
Qısa müddət sonra həyəcan siqnalı ləğv edilib. Aparılan yoxlamalar nəticəsində məlum olub ki, hava məkanında qeydə alınan obyekt dron deyil, Belarus ərazisindən daxil olmuş meteoroloji aerostatdır.
Litva Böhranların İdarə Edilməsi üzrə Milli Mərkəzinin rəhbəri Vilmantas Vitkauskas bildirib ki, obyektin təhlükə yaratmadığı müəyyən edildikdən sonra hava həyəcanı aradan qaldırılıb.
Bununla belə, rəsmilər vətəndaşlara diqqətli olmağı tövsiyə edib və oxşar halların təkrarlana biləcəyi barədə xəbərdarlıq ediblər.