
Hərbi və ya səfərbərlik üzrə çağırışdan boyun qaçıran şəxslər qanunvericiliyə uyğun olaraq inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən, hər bir vətəndaşın hərbi xidmət keçmək hüququ və vəzifəsi var. Vətəndaşların qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçməsi onların müqəddəs borcu hesab olunur.
Kapitan Zəfər Əsgərlinin təqdim etdiyi məlumatda hərbi və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırmanın hüquqi nəticələri, həmçinin bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyət tədbirləri barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, həqiqi hərbi xidmətə çağırışdan və ya səfərbərlik üzrə çağırışdan yayınan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Bu cür hallardan asılı olaraq şəxslər inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilərlər.
Dövlət Xidməti vətəndaşları hərbi xidmət və səfərbərlik üzrə çağırışla bağlı qanunvericiliyin tələblərinə ciddi riayət etməyə çağırıb.