Almaniya hökuməti qeyri-qanuni miqrasiyanın qarşısını almağa çalışdığı vaxt bazar ertəsi bütün quru sərhədlərində yoxlamalar həyata keçirməyə başlayıb. Almaniyanın qonşularından çoxu bu planı tənqid edib. Onların fikrincə, bu, Avropa İttifaqının əsas hərəkət azadlığı prinsipini pozur.
Almaniya polisi və sərhəd mühafizəçiləri bazar ertəsi ölkənin bütün quru sərhədlərindən keçən insanları yoxlamağa başlayıb. Rəsmilər qanunsuz miqrantlar olduğundan şübhələnilənləri hədəf aldıqlarını bildirib. Almaniya Federal Polisinin sözçüsü Diter Hatt: "Biz sərnişinlər üçün narahatlığı və yük daşımalarının pozulmasını minimuma endirmək istəyirik."
Almaniya Avropanın pasportsuz Şengen zonasının bir hissəsidir. Dövlət siyasətinə və ya daxili təhlükəsizliyə ciddi təhlükə yaranarsa, onun üzvləri sərhəd yoxlamaları tətbiq edə bilər. Almaniya kansleri Olaf Şolts bu addımın zəruri olduğunu bildirib. "Almaniyaya qeyri-qanuni yollarla gələnlərin (miqrantların) sayı həddən artıq çoxdur".
Almaniya 2015-ci ildə "Ərəb Baharı"ndan sonra bir milyondan çox miqrant qəbul edib. O, həmçinin bir milyondan çox ukraynalı qaçqını qəbul edir.
Bu axın bəzi seçicilərin əks reaksiyasına və son regional seçkilərdə gözlənilməyən qələbə qazanan ifrat sağçı "Almaniya üçün Alternativ" partiyasına üz tutmasına səbəb olub.
Almaniyanın qonşularından bir çoxu sərhəddəki yoxlamalara qəzəblə reaksiya verib. Polşanın baş naziri Donald Task: "Mən şübhə etmirəm ki, bu addımların həyata keçirilməsinə səbəb bizim sərhədlərimizdə qeyri-qanuni immiqrasiya ilə bağlı siyasətimiz deyil, Almaniyadakı daxili, siyasi vəziyyətdir".
Təhlilçi Rafael Bossonq deyir ki, sərhəd yoxlamaları uzunmüddətli perspektivdə Avropanın birliyinə xələl gətirə bilər. Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutundan Rafael Bossonq: "Bu, ittiham tendensiyasını, ifrat sağçıların və ciddi avro-skeptiklərin yüksəlişini gücləndirə bilər və biz bu tendensiyanın nə ilə nəticələnəcəyini bilmirik."
Almaniya həm də sığınacaq verilməyənlərin geri qaytarılmasını sürətləndirir. Bu qərarlar immiqrasiyaya təsir edəcəkmi? Rafael Bossonq: "Biz bağlamalar və ya konteynerlərlə məşğul olmuruq. Biz insanlarla məşğul oluruq. Biz həmçinin qeyri-qanuni miqrasiyanın bir çox müxtəlif amilləri ilə məşğul oluruq. Bəli, bəziləri müxtəlif təşviqlərə və ya fərqli nəzarətlərə həssas ola bilər, digərləri isə Avropa qonşuluğunda müharibələri və münaqişələrini nəzərə alaraq, daha az həssas ola bilər. Və onlar bizim nəzarətimizdə deyil".
Bu arada bir hökumət rəsmisi bu yaxınlarda bildirib ki, Almaniya sığınacaq axtaran şəxslərin prosesdən keçmələri üçün Ruandaya göndərmək üçün o ölkə ilə müqavilə bağlaya bilər.
Britaniya iyul ayında oxşar plandan imtina edib.