Paşinyanın Paris səfəri böyük rezonansa səbəb oldu. Lakin başa düşmək lazımdır ki, bu gün, Makronun hakimiyyəti dövründə Paris dünyada təsir dərəcəsinə görə nə Vaşinqton, nə Moskva, nə də Berlin ola bilər.
Bu barədə Axar.az-a PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı politoloq Vitali Arkov bildirib.
“Keçən ilin payızında baş verən hadisələr Cənubi Qafqazda kimin daha güclü təsirə malik olduğunu açıq-aydın göstərdi. Ən əsası isə bu gücün Fransa ola bilməyəcəyi də dəqiqləşdi. Keçən ilin payızında yaşananlar onu da göstərdi ki, ATƏT-in Minsk Qrupunun formatı, o cümlədən atdığı addımları regionda sülhü bərqərar etmək əvəzinə, hərbi münaqişənin yeni mərhələsinə təkan verirdi. Qeyd edim ki, Minsk Qrupunun bu qeyri-adekvat aydımlarının çoxu məhz elə Parisin diktəsi ilə atılmışdır.
Əgər uzun illər rəsmi İrəvan ATƏT-in Minsk Qrupu çərçivəsində qəbul edilmiş razılaşmaların və digər beynəlxalq aktların yerinə yetirilməsini nümayişkaranə şəkildə qulaqardına vurmuşdusa, nə üçün rəsmi Bakı Parisdən gələ biləcək ideaları dəstəkləməlidir?” - deyə müsahibimiz qeyd edib.
Onun sözlərinə görə, Rusiyanın Azərbaycanın Qarabağ bölgəsindəki sülhməramlılarının komandanı Rüstəm Muradov Kremlin mövqeyini tərəflərə çatdırmaq və bu mövzu ilə bağlı məsələlərin müzakirəsini istər Bakıda, istərsə də İrəvanda hərbi komandirlər və siyasətçilər dairəsində müzakirəyə çıxarmaq səlahiyyətinə malikdir: “Aydındır ki, Muradov İrəvana Kremlin tezisi ilə gedib”.
Arkov onu da vurğulayıb ki, Moskva ardıcıl olaraq regionda sülhün bərqərar olmasının və bütün tərəflərin ötən il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın müddəalarına əməl etməsinin tərəfdarıdır.