Oktyabrın 18-də Milli Məclis Cinayət Məcəlləsinə yaşıllıqları zədələməyə görə məsuliyyət tədbirlərini ağırlaşdıran düzəlişləri ilk oxunuşda qəbul edib.
Sənədə əsasən, ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Eyni əməllər təkrar törədildikdə və ya şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, yaxud da külli miqdarda ziyan vurmaqla törədildikdə ziyanın üç mislinədək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Hazırda qeyd edilən əməllərə görə maksimum cəza 2 ilədək həbs cəzasıdır.