
Azərbaycanda terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya fəaliyyətində iştirak etməyə görə cəzaların sərtləşdirilməsi nəzərdə tutulur.
Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən:
• terror təşkilatı yaratma və ya ona rəhbərlik etmə 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq;
• terror təşkilatına üzv olma və ya fəaliyyətində iştirak etmə 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Sənədə görə, bu cinayəti törətmiş şəxs vaxtında hüquq-mühafizə orqanlarına məlumat verərsə, terror təşkilatının üzvlərinin aşkar olunmasına və cinayət əməllərinin qarşısının alınmasına kömək edərsə və əməlində başqa cinayət tərkibi olmazsa, cinayət məsuliyyətindən azad edilə bilər.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.