Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük haqlarının ödənilməməsi ilə bağlı təşkilat çərçivəsində mümkün addımların müzakirə oluna biləcəyini bildirib.
Lavrov Kazanda keçirilən KTMT Xarici İşlər Nazirləri Şurasının iclasından sonra jurnalistlərə açıqlamasında deyib ki, Ermənistanın təşkilatın büdcəsinə borcu artıq iki ildən çoxdur davam edir. Onun sözlərinə görə, bu vəziyyət KTMT nizamnaməsinin 20-ci maddəsinə uyğun olaraq müvafiq prosedurların tətbiqini gündəmə gətirə bilər.
Rusiya XİN rəhbəri Ermənistan tərəfinin əvvəlki mövqeyinə də istinad edərək, İrəvanın ödənişləri KTMT-də iştirak səviyyəsi ilə əlaqələndirdiyini qeyd edib.
Lavrovun sözlərinə görə, mövcud vəziyyət təşkilat daxilində müzakirə olunub və üzv ölkələr Ermənistanın öhdəliklərini yerinə yetirməməsi ilə bağlı mümkün qərarları nəzərdən keçirə bilər.
Qeyd edək ki, son illərdə Ermənistanla KTMT arasında münasibətlərdə gərginlik müşahidə olunur. İrəvan paralel olaraq Avropa İttifaqı və NATO ilə əməkdaşlığı genişləndirməyə çalışır.