“Yeni Klinika” Publik Hüquqi Şəxsin direktoru və digər şəxslər barəsində olan cinayət işi məhkəmə iclası başlayıb.
Foto.info.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində “Yeni Klinika” Publik Hüquqi Şəxsin direktoru Pərviz Abbasov və digərlərinin qanunsuz əməllərinə dair cinayət işi üzrə məhkəmə araşdırması keçirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində prokuror ittiham aktını elan edib.
İttihama münasibət bildirən təqsirləndirilən şəxslərdən Əvəz Hüseynov və Qalib Nəcəfov özünü qismən təqsirli bildiyini deyib. Pərviz Abbasov, Samir Mirzəyev və Vüsalə Əliyeva isə özlərini qətiyyən təqsirli bilməyiblər.
Məhkəmədə məlum olub ki, Pərviz Abbasovdan başqa digər həbs edilən şəxslər "Yeni Klinika"nın əməkdaşları olmayıblar.
Qalib Nəcəfov "Buta" klinikasında həkim radioloq vəzifəsində işləyib, Vüsalə Əliyeva "Viola" MMC-nin meneceri, Əvəz Hüseynov Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi vəzifəsibdə çalışıb. Samir Miriyev isə işsiz olub.
Adı çəkilən şəxslərdən yalnız Vüsalə Əliyeva ev dustaqlığındadır. Digər şəxslər isə həbsdədir.
Məhkəmə araşdırması avqustun 17-də davam etdiriləcək.
Rəsmi ittihamda yazılır ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Pərviz Abbasovun həmin vəzifədə işləyərkən Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin köməkliyi ilə COVİD-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından hər bir xəstə üçün 3000-4500 manat məbləğində pul vəsaiti alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmələrinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Pərviz Abbasov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə yekun ittiham elan edilib.