Bu gün Bakı Apellyasiya Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin məhkəməsi keçirilib.
Axar.az xəbər verir ki, məhkəmə əvvəlki instansiyanın qərarını dəyişdirmədən saxlayıb.
Yasamal Rayon Məhkəməsinin hökmü ilə Ə.Əliyevə 5 ay həbs cəzası verilmişdi.
Qeyd edək ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər. İddiaçıların şikayətlərində bildirilib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü deyib.