44 günlük müharibənin şəraitini araşdırmaq üçün komissiyanın ilk iclasına müxalifət nümayəndələri gəlsə də, tezliklə iclası tərk edib. "Şərəfim var” blokunun deputatı Tiqran Abramyanın sözlərinə görə, müharibə zamanı baş verənlərə görə əsas məsuliyyəti hakimiyyət daşıyır, ona görə də onun nümayəndələri komissiyanın işini idarə edə bilmirlər.
"44 günlük müharibənin şəraitinin açıqlanması, onların cəmiyyətə təqdim edilməsi bizim əsas prioritetlərimizdən biri olaraq qalır. Amma biz hesab edirik ki, bu iş indiki rəhbərlik hakimiyyətdə olmayanda aparılmalıdır", - Abramyan bildirib.Onun sözlərinə görə, müharibə zamanı ölkəyə rəhbərlik edən hakimiyyət obyektiv araşdırma apara bilmir. Öz növbəsində, “Hayastan” blokundan olan deputat Qeqam Manukyan iclası tərk etdiklərini, lakin zəruri hesab etdikləri anda komissiyanın işinə qayıtmaq hüququnu özündə saxladıqlarını bildirib. Komissiyanın rəhbəri Andranik Köçəryan cavabında bildirib ki, müxalifət özünü fərqli fikir söyləmək hüququndan məhrum edir. Bundan əlavə, komissiyanın işində onların gələcək iştirakı məsələsini də müzakirə edəcəklər. Ermənistan Milli Assambleyasının müxalif fraksiyaları – “Hayastan” və “Şərəfim var” blokları Qarabağda 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın işində iştirakdan imtina edib. Fraksiyaların birgə bəyanatında deyilir ki, ölkə hakimiyyəti obyektiv olaraq öz hərəkətlərini araşdıra bilmir.