Foto.info.az Zikr.az-a istinadən xəbər verir ki, vətən sevgisi Uca Allahın insanın fitrətinə yerləşdirdiyi gözəl hisslərdən biridir. Övladın öz anasını sevməsi nə qədər təbiidirsə, insanın da doğulub boya-başa çatdığı yeri digər yerlərdən daha çox sevməsi o qədər təbii bir haldır. Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) həyatına diqqət etsək görərik ki, o da öz vətənini çox sevmişdir. Məkkə müşrikləri onu doğma şəhəri olan Məkkədən çıxardıqda, o üzünü Məkkə şəhərinə çevirərərək belə demişdir: “Allaha and olsun ki, sən yer üzündə olan ən xeyirli və Allaha ən sevimli şəhərsən. Əgər məni buradan zorla çıxarmasaydılar, mən səni tərk etməzdim”. (ət-Tirmizi, 5/723). Mədinəyə hicrət etdikdən sonra isə o, Uca Allaha dua edərək Məkkəni sevdiyi kimi Mədinəni də ona sevdirməsini istəmişdir və demişdir: “Allahım, Məkkəni bizə sevdirdiyin kimi, yaxud bundan artıq bir sevgiylə Mədinəni də bizə sevdir” (əl-Buxari, 1889).
Vətən sevgisi iki növdür:
Fitri sevgi. Uca Allah hər bir insanın fitrətində vətən sevgisi yaratmışdır. Uca Allah buyurur: “Əgər onlara: “Özünüzü öldürün, yaxud yurdlarınızdan çıxın!”– deyə əmr etsəydik, içərilərindən az bir qismi istisna olmaqla, bunu yerinə yetirməzdilər” (ən-Nisa, 66). Bu ayədə Uca Allah yurddan çıxarılmağı, özünü öldürmək kimi məşəqqətli, nəfsə ən ağır gələn əməllə birlikdə zikr etmişdir.
İslam şəriətinin bizə buyurduğu vətən sevgisi. Bu sevgi bir müsəlmanın öz vətənini İslam diyarı olduğuna görə sevməsidir. İslam diyarı dedikdə müsəlmanların yaşadığı və azan, camaat namazı, bayram namazları kimi İslam dininə xas olan ayinlərin keçirildiyi ölkələrdir. Vətəni Allah üçün sevmək xeyirli əməl, onun uğrunda döyüşmək gecə-gündüz nafilə ibadətdən daha üstün savab, onun yolunda ölmək isə Cənnətdə ən yüksək məqam olan şəhidlikdir. Allaha həmd olsun ki, ölkəmiz də İslam ölkəsidir və bu ölkəni sevmək Azərbaycanda yaşayan hər bir müsəlmana vacibdir.
Şəriətin buyurduğu vətən sevgisi necə olmalıdır?
Sözsüz ki, hər bir sevgi əməllərlə isbat olunur. Allahı sevmək onun razı qaldığı əməlləri edib, qadağan etdiyi şeylərdən çəkinməklə olduğu kimi, Allah xətrinə vətəni sevmək də imkan daxilində vətənin xeyri üçün çalışmaq, əmin-amanlığı qorumaq və fitnə-fəsadın yayılmasının qarşısını bacardığın qədər almaqla olur. Hər bir müsəlman öz vətənini düşməndən qorumalı, ölkəsinə təcavüz edən düşmənə qarşı həm malı, həm də canı ilə döyüşməlidir. Müsəlmanlar xeyir işlərdə biri-birilərinə yardım etməli, öz aralarında yaxşılığı əmr edib, günah işlərdən çəkindirməli, millətçilik, irqçilik və dövlətə itaətsizlik kimi parçalanmaya səbəb olan çağırışlardan çəkinməlidirlər.
Ölkədə əmin-amanlığı necə əldə etmək olar?
Uca Allah Qurani-kərimdə ona şərik qoşmadan iman gətirib yaxşı işlər görənlərə əmin amanlıq vəd etmişdir: “Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra əminliklə əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir” (ən-Nur, 55).
Millətçilik vətəni sevmək sayılırmı?
Ölkədə yaşayan millətlərdən birinin digərlərindən üstün olması fikrinin yayılması fitnə-fəsada yol açan səbəblərdən biridir. Unutmaq olmaz ki, Allah dərgahında insanların bir-birindən üstünlüyü mənsub olduqları millətə görə yox, təqva (Allah qorxusu) ilədir. Uca Allah buyurur: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır” (əl-Hucurat, 13). Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: ''İrqçiliyə (milliyətçiliyə) çağıran, irqçilik üçün savaşan, irqçilik uğrunda ölən bizdən deyildir." (Səhih Muslim, İmarə, 53)