Laçının girişində erməni dilində "Berdzor" yazısını sındırdıqlarına görə DİN Elnur İsayev və Cavid Quliyev adlı iki şəxsin hərəsini 10 sutka inzibati həbsə göndərib. DİN açıqlama verib ki, onları yazını sındırdıqlarına görə yox, həmin əraziyə qanunsuz keçdiklərinə görə cəzalandırmışıq.
Birincisi, işğaldan azad edilmiş ərazilərə, xüsusilə Laçına icazəsiz, qanunsuz necə keçmək olur? Polis postları nə qədər yerdə qurulub, giriş-çıxışa kim nəzarət edir? Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, yoxsa, Xarici İşlər Nazirliyi? İkincisi, o şəxslər "Berdzor" yazısını sındırmasaydılar, qanunsuz keçməklərini bilməyəcəkdiniz? Üçüncüsü, niyə tələsirdiniz, bəlkə Şuşaya qanunsuz buraxdığınız göz muncuğunuz kimi 2 ay sonra "Prezident Administrasiyasından saxta məktubla" saxta icazə çıxasıydı?
Bu arada, Bakı Şəhər Baş Polis İdarəsi "Wolt" şirkətinin kuryerlərinin iş şərtlərinə etiraz olaraq boykot etməkləri ilə bağlı bir neçə nəfəri idarəyə dəvət edib. İşçilər etiraz edirlər, bu da onların hüququdur, amma polislər buna görə onları sorğu-sual edir, xəbərdarlıq edirlər. Ölkə polisinin məşğul olduğu işlərə baxın...
Bəxtiyar Hacıyev