İlham Əliyev İTV müxbirinin sualına cavabında bildirib ki, "bu gün 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır və ildən-ilə bu yardımın məbləği artır. Yəni, bu il bir ailəyə düşən müavinət təqribən 460 manat səviyyəsindədir." Əslində İlham Əliyevin öyünərək təqdim etdiyi bu rəqəmlər ölkədə sosial problemlərin artmasının göstəricididir.
Əvvala ünvanlı sosial yardım aztəminatlı ailələrə verilir, ikincisi də bu yardımın məbləği ailənin gəlirləri ilə ehtiyac meyarı həddi arasındakı fərqə görə müəyyənləşdirilir. Bu o deməkdir ki, hər ailəyə düşən ünvanlı sosial yardım məbəğinin artması yalnız ehtiyac meyarı həddinin qaldırılması ilə bağlı deyil, həm də ailənin gəlirlərinin aşağı düşməsi ilə əlaqədardır.
Odur ki, Azərbaycanda dövlətdən ünvanlı sosial yardım alanların sayının vartması yoxsulların sayının çoxalmasının, hər bir ailəyə düşən ünvanlı sosial yardımın məbləğinin yüksəlməsi isə yoxsulluğun dərinləşməsinin göstəricisidir. Bir sözlə İlham Əliyev özü bilməyərəkdən hakimiyyətin sosial siyasətinin bərbad olduğunu etiraf, hökümətin iqtisadi siyasətini də ifşa edib.