Azərbaycanın ən işıqlı insanlarından birinin, dünyaca məşhur elm adamının, professor Qubad İbadoğlunun həyatına yaranmış təhdid ən təhlükəli həddə çatıb.
13 gündür ki, şəkəri və qan təzyiqi normadan xeyli yüksək olan qardaşım sürətlə çəki itirir. Hətta dərmanları vaxtında və normasında qəbul etsə belə, bunun heç bir faydası olmayacaq. Çünki hazırki saxlanma şəraiti ilə (havasızlıq, hərəkətsizlik, antisanitariya, ailəsi ilə görüşə icazə verilməməsi və digər yollarla formalaşdırılan davamlı psixoloji təzyiq səbəbindən) səhhətindəki yaxşılaşmadan danışmaq yersizdir.
Məsələnin ciddiliyini görüb qorxuya düşən təcridxana rəhbərliyi bu gün qardaşımın ürəyinin exokardioloji müayinəsinin aparılmasını təşkil edib, məlum olub ki, aortanın kökündəki genişlənmə son 2 həftədə 37 mm-dən 41 mm-ə yüksəlib. Bu, artıq sonuncu həyəcan siqnalıdır. Aortanın anevrizması xəstəliyində reqres mümkün deyil, yəni böyümənin geri dönüşü yoxdur, bu xəstəliyin müalicəsində məqsəd proqresin qarşısını almaqdır. Qubad İbadoğlunun arterial təzyiqi hər gün 150-100, şəkəri normadan 2-3 qat artıq olur. Bu gedişlə aortanın genişlənən hissəsinin partlaması, yəni ölüm riski qaçılmazdır.
Qardaşım məhkəməsiz-filansız, qurama ittihamlarla Kürdəxanı təcridxanasında ölümə məhkum edilib.
Beynəlxalq və yerli insan hüquqları təşkilatlarını, ölkəmizdəki diplomatik korpusları, hamını, hər kəsi - bütün gücü və iradəsi çatanları Qubad İbadoğlunun ölüm hökmünün icrasının dayandırılmasına dəstək olmağa çağırıram.
Galib Toghrul