Saxta ittihamlarla hazırda həbsdə olan Xural Media Qrupunun rəhbəri Əvəz Zeynallı və Səda youtube kanalının əməkdaşı Elnur Şükürov saxlanıldıqları Bakı İstintaq Təcridxanasından həbsxanaya köçürülüblər.
Elnur Şükürovun atası Zakir Şükürovun verdiyi məlumata görə, o 16 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib. Əvəz Zeynallı isə 6 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.
Xatırladaq ki, siyasi sifariş əsasında, Baş Prokurorluq tərəfindən saxta ittihamlarla həbs olunan, 7 ay quraşdırılmış istintaq işindən sonra, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun 11 ay müddətində apardığı inkvizit məhkəməsinin sonunda çıxardığı siyasi hökmlə Əvəz Zeynallı 9 il, Elnur Şükürov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Müdafiə tərəfinin verdiyi apellyasiya şikayəti əsasında keçirilən məhkəmə zamanı hakim Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarını dəyişmədən qüvvədə saxlayıb. Qeyd edək ki, vəkillər ümumilikdə bir il gedən məhkəmə prosesi zamanı Əvəz Zeynallı və Elnur Şükürovun hansısa cinayəti törətmələr ilə bağlı heç bir dəlil-sübut, hətta zərəçəkən belə olmadığını göstərərək, onlar barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Lakin tənqidçi jurnalist Əvəz Zeynallı və Baş prokurorluq əməkdaşlarının təhdid və hədə-qorxu yolu ilə ona qarşı yalan ifadə verməyə məcbur edilməsinə baxmayaraq, bundan imtina edən Elnur Şükürürov siyasi sifariş əsasında yenidən həbsdə saxlanılıblar.
Hazırda müdafiə tərəfi Ali Məhkəməyə şikayət ərizəsi təqdim edəcək.