Oktyabrın 12-də Avropa İnsan Hüquqları Məhkəməsi ərizəçilərin hüquqlarının pozulmasını tanıyaraq Azərbaycana dair iki qərarını elan edib, aihmaz.org. bildirib.
"Məmməd Qurbanov və Nadir Məmmədov Azərbaycana qarşı" işində iddiaçılar hüquqlarının pozulduğu vaxt Naxçıvan Muxtar Respublikasında yaşayıblar.
Onlar kiçik bizneslə məşğul olublar. 7 dekabr 2020-ci ildə mallarla yüklənmiş avtomobillərində Azərbaycan-Türkiyə sərhədində "Sədərək" gömrük məntəqəsində saxlanılıblar.
Dekabrın 8-də gömrükçülər daşınan malların sənədləşdirilməsinə görə rüşvət tələb ediblər. Ərizəçilər ödəməkdən imtina ediblər və zorla pul tələb etmə barədə mətbuata məlumat verdikdən sonra 20-yə yaxın gömrük işçisi tərəfindən fiziki təzyiqə məruz qalıblar. Bundan sonra onlar saxlanılaraq Sədərək rayon polis şöbəsinə aparılıblar və dekabrın 11-dək işgəncələrə məruz qalıblar.
Bundan sonra yerli prokurorluqda onlara qarşı dövlət qulluqçularına qarşı zorakılıq tətbiq etməklə bağlı cinayət ittihamı irəli sürülüb Vəkili onların yanına dekabrın 24-də buraxıblar. O vaxta qədər zorakılıq əlamətləri ərizəçinin bədənində qalıb. Prokurorluq şikayətə məhəl qoymayıb, yerli məhkəmələr isə şikayətləri qəbul etməyiblər, məlumatda deyilir.
Avropa İnsan Hüquqları Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü (işgəncələrin qadağan olunması hüququ) və 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ) maddəsilə ərizəçilərin hüquqlarının pozulduğunu tanıyıb.
Məhkəmə onların hər birinə 10 min avro kompensasiya, onların hüquqi nümayəndəsi Xalid Bağırova isə məhkəmə xərclərinin ödənilməsi üçün 2 min avro kompensasiya ödənilməsinə qərar verib.
Avropa İnsan Hüquqları Məhkəməsinin digər qərarı Azərbaycandakı özəl universitetin keçmiş rektoru, hazırda Parisdə yaşayan Elşad Abdullayevin şikayətilə bağlıdır.
Qardaşı, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Mahir Abdullayev 13 oktyabr 2003-cü ildə yoxa çıxıb. Ertəsi gün Elşad Abdullayev qardaşının yoxa çıxmasıyla bağlı Yasamal Rayon Polis İdarəsinə müraciət edib. Ancaq polis araşdırma aparmaqdan imtina edib.
Polisin fəaliyyətsizliyindən prokurorluğa şikayət etdikdən sonra 14 noyabr 2003-cü ildə Cinayət Məcəlləsinin 144.2-ci maddəsilə (adam oğurluğu) cinayət işi açılıb. Üç gün sonra Mahir Abdullayevin avtomobili tapılıb.
6 yanvar 2005-ci ildə iş Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib, istintaq isə Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə verilib.
Ərizəçi prokurorluğa çoxsaylı müraciətlərində istintaqın davam etdirilməsi barədə formal cavab alıb.
2012-ci ildə Fransaya mühacirət etdikdən sonra Elşad Abdullayevin vəkili prokurorluq orqanlarından istintaqın gedişi və istintaq sənədlərinin surətləri barədə məlumat istəyib. Ancaq bundan imtina ediblər. Bundan sonra ərizəçi məhkəməyə şikayət edib, lakin əbəs yerə.
Strasburq məhkəməsi Avropa konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) prosessual baxımdan pozulduğunu tanıyıb və ərizəçiyə 12 min avro, poçt xərclərinin ödənilməsi üçün isə 70 avro kompensasiya verilməsini qərara alıb.