Gəncədə fəaliyyət göstərən www.dunyaninsesi.az saytının rəhbəri Ərşad İbrahimov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 282.2.2-ci (təhdid yolu ilə tələb etmə, dəfələrlə törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
Bakının Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib, Bu barədə sayt rəhbərinin qardaşı Tural İbrahimov bildirib.
Onun sözlərinə görə, Gəncə tibb müəssisəsi rəhbərlərindən birinin şikayətilə saxlanılıb. Həmin şəxsi ifadə verməyə "məcbur ediblər" ki, 2021-ci ildə Ərşad İbrahimov ondan 200 manat rüşvət alıb, sonra yenidən təhdid yoluyla ondan pul tələb edib.
Tural İbrahimov bildirib ki, həbsin "əsl səbəbi" qardaşının polis orqanlarını tənqid etməsidir.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti vətəndaşların çoxsaylı şikayətləri əsasında sayt rəhbərinin saxlandığını Turan-a təsdiqləyib. Faktla bağlı araşdırma aparılır, nazirliyin nümayəndəsi deyib.
Xatırladaq ki, 2014-cü ildə Ərşad İbrahimov pul tələb etməyə görə cinayət məsuliyyətinə cəlb edilib. Gəncə məhkəməsi onu 11 il müddətinə azadlıqdan məhrum edib, Apellyasiya Məhkəməsi bu müddəti 10 ilə, Ali Məhkəmə isə beş ilə endirib. Əfv sərəncamı ilə vaxtından əvvəl həbsdən azad edilib.