“Abzas Media” işi üzrə həbs edilən araşdırmaçı jurnalist Hafiz Babalı həbsini və evində aparılan axtarışı qanunsuz hesab edir. Abzas Media-nın məlumatına görə, jurnalist bu iş üzrə bank hesablarına qoyulmuş həbslə bağlı keçirilən məhkəmə prosesində də ittihamların əsassız olduğunu bildirib:
“Mən Azərbaycanda yüksək vəzifəli şəxslərə yaxın biznesləri araşdırdığım üçün həbs edilmişəm. Həbsim araşdırmaçı jurnalist fəaliyyətimə görədir. Evimdə axtarış aparılanda “Abzas Media” ilə əlaqəsi olmayan, 90-cı illərdən yığıb topladığım sənədləri, bildirişləri də götürüb aparıblar. Bu qanunsuzdur”, – jurnalist bildirib.
H.Babalının vəkili Rəsul Cəfərov “Amerikanın Səsi”nə deyib ki, müvəkkilinin evində aparılan axtarışla bağlı şikayət verəcəklər.