Qəzza zolağında “Kamal Advan” xəstəxanasında 10 uşaq aclıqdan ölüb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus məlumat yayıb.
O, Qəzzanın şimalındakı yeganə uşaq xəstəxanası olan “Kamal Advan”ın xəstələrlə dolu olduğunu bildirib:
“Ərzaq çatışmazlığı 10 uşağın ölümünə səbəb olub. Elektrik enerjisinin çatışmazlığı xəstələrə qulluq üçün, xüsusilə reanimasiya və neonatal şöbə kimi kritik sahələrdə ciddi təhlükə yaradır”.
O, “Əl-Auda” xəstəxanasındakı vəziyyəti xüsusilə dəhşətli adlandırıb, çünki binalardan biri dağıdılıb.
ÜST əməkdaşları tərəfindən hər iki tibb müəssisəsinə 9,5 min litr yanacaq, eləcə də zəruri dərman preparatları çatdırılıb. Qebreyesus İsraili humanitar yardımın təhlükəsiz və müntəzəm çatdırılmasını təmin etməyə çağırıb.