Prezidentin şərəf və ləyaqətini qoruyan qanunvericilik işləmir.
Deputat xaricdə yaşayan jurnalist və blogerləri legetim hədəf görərək onları susdurmağa çağırır:
Martın 5-də prezidetliyə namizəd və deputat Zahid Oruc Milli Məclisin plenar iclasındakı çıxışı zamanı deyib:
"Ölkə rəhbərinin kölgəsinə daş atan bir dəstə aşağı muzdlu məişət tüfeyliləri, ayaqlarına və beyinlərinə nəzarət çipləri bağlanmış, hər gün səhərdən axşamadək cılız tezislərlə təlimatlandırılan mühacirlər, Osmanqızı və digər birnəfərlik şər kanallarıdır. Onların çörəyi youtube və digər şəbəkələrdə baxış sayını artırmaq adı altında aldıqları satqınlıq mükafatlarını gizlədirlər.
Biz beynəlxalq qanunvericilik çərçivəsində ən azı sonuncu qrup təmsilçilərini məsuliyyətə cəlb etmək mexanizmlərini gücləndirməliyik. 1951-ci ildə qəbul olunan Qaçqınların statusuna dair Konvensiya o adamların immuniteti ola bilməz. Əgər prezidentin şərəf və ləyaqətini qorumaq üçün məhkəmə və hüquq orqanlarının mexanizmləri nəticə vermirsə, onda təhqir laboratoriyaları legitim hədəflər kimi hər cür zərərsizləşdirməyə açıq elan olunmalıdır".
Onun sözlərinə görə, hər gün Azərbaycanda mediada prezident və ailəsi əleyhinə sistemli hücumlar baş verir:
“Qələbəmizin simvolu olan şəxsi ləkələməyə çalışmaq, prezidentə səs verən milyonlarla insanın etimadını və ideallarını aşağılamaq deməkdir.”
Zahid Oruc çıxışında həmçinin qeyd edib ki, dünyanın müxtəlif ölkələrində dövlət başçısını təhqir etmək cinayət məsuliyyəti yaradır. O, bu ölkələrə misal kimi İtaliya, İspaniya, Almaniya və Polşanın adlarını sadalayıb.
Deputat vurğulayıb ki, Azərbaycanda da belə qanunlar olmalı və prezident barədə nalayiq ifadələr işlədənlər barədə məsuliyyətə cəlb etmək mexanizmləri gücləndirilməlidir.
Bütün legitim hədəflər susdurulmalıdır.