Qurban Məmmədov
Bütün siyasi fəaliyyətiniz dövründə ən böyük səhviniz nə olduğunu hesab edirsiniz?
Təbii, siyasi səhvlərim çox olub, amma bütün siyasi həyatım boyu, məncə, ən böyük səhvim 1998-ci ildə həbs olmağım idi. Mən həbs olunmaya bilərdim və o zaman baş verən hadisələri başqa cür idarə edə bilərdim ki, həbs olunmayım. Bilmirəm, onda istədiyim nəticəni əldə edə bilərdimmi yoxsa yox, ancaq həmin səhvim məni 5 il azadlıqdan məhrum etməklə nəticələndi. Həm də bu müddətdə fəal siyasi mübarizədən kənarda qaldım.
Prezident Əbülfəz Elçibəy dövründə sizə dövlət orqanlarında yüksək vəzifələrdən birini tutmaq təklif olunmuşdu. Niyə imtina etdiniz? Gələcəkdən özünüzə tövsiyə verə bilsəydiniz, qərarınızı dəyişməyi təklif edərdinizmi?
Əbülfəz bəyin adından Pənah Hüseyn mənə bir neçə vəzifə təklif etmişdir: öncə, baş prokurorun birinci müavini, sonra baş prokuror, sonra isə gömrük naziri. Mən hamısından imtina etdim. Və qərarımı dəyişməzdim, çünki o zaman şərtlər elə idi ki, o şərtlərin daxilində vəzifəyə getməyim heç bir nəticə verməzdi, çünki birinci gündən qaydalar pozulmuşdu; 18 may 1992-ci ildən bütün qaydalar pozulmuşdu. Mən başa düşdüm ki, bu komanda mənim deyil.
Elə bir fikir var ki, Azərbaycan da, digər postsovet ölkələri kimi, Kremlin nəzarəti altına düşməyə məhkum idi və Xalq Cəbhəsi hökuməti hər halda devriləcəkdi. Bununla razısınızmı? Sizcə, ölkənin diktaturaya sürüklənməməsi və Heydər Əliyevin hakimiyyətə gəlməsinin qarşısını almaq üçün nə etmək lazım idi?
Xeyr, mən qətiyyən elə düşünmürəm, hakimiyyəti saxlamaq mümkün idi. Sadəcə Əbülfəz Elçibəy və onun ətrafındakılar hakimiyyəti saxlamaq üçün üzərlərinə düşən bütün vəzifələri icra etmədilər. Bilmirəm qəsdən mi yoxsa necə, həqiqəti Allah bilir, amma hakimyyəti saxlamaq mümkün idi. Hətta bunu deyim ki hakimyyəti qoruyub saxlaya bilməsəydilər belə, xalqın onlara tapşırdığı əmanətə mütləq sahib çıxmalı idilər, postlarında ölməli idilər, amma postlarını tərk etməməli idilər. Mən bu düşüncədəyəm.
Siz illərlə Azərbaycan müxalifətinin birliyinə nail olmağa çalışdınız. Buna görə peşman deyilsinizmi? Niyə bu qədər vaxt ərzində öz siyasi təşkilatınızı yaratmadınız?
Bu sualınıza cavab olaraq deyim ki, Azərbaycanın bütün indiki problemləri ki var, bu problemlərin hamısının kökündə bizim pərəkəndəliyimizi görürəm, birləşə bilməməyimizdə görürəm. Rejim bizi müxtəlif metodlarla parçaladı. Mən bu barədə "AzerFreedom" kanalında dəfələrlə danışmışam. Bütün diktaturaların qaydası belədir: diktaturanı qurmaq və onun ömrünü uzatmaq üçün yalnız xalqı parçalamalısan. Bunun başqa bir yolu yoxdur, bütün diktaturalar bu yolu gedib.
Amma mən siyasi həyatım boyu çalışdım ki, müxalifəti birləşdirim. Çox təəssüf, nail ola bilmədim. Bu barədə hətta Müsavat Partiyasının fəal funksionerlərindən olan vəkil dostumuz Osman Kazımov da bir dəfə çıxışların birində danışıb. Mən müxtəlif dövrlərdə, müxtəlif birliklərdə olmuşam, hətta o birliklərdə olmaya-olmaya belə kənarda fəaliyyət göstərmişəm və çalışmışam ki, onları bir araya gətirim — mümkün olmayıb.
Öz partiyamı qurmamağıma gəldikdə isə açıq deyim, partiya qurmaq asan bir şey deyil. Mən bir çoxları kimi 5 nəfəri başıma yığıb, qoltuğuma bir papka alıb "mənim də partiyam var" deyə bilməzdim. Əslində baxsaz, bizim vəziyyətimizin bu gündə olmasının səbəblərindən biri də gördüyümüz işin ciddiliyini başa düşməməyimiz və işə ciddi yanaşmamağımızla bağlıdır. Hər yerindən duran özünü partiya sədri adlandırdı və xalqı inandırdılar ki, guya partiyalar var, guya xalqın əvəzindən kimsə iş görəcək, halbuki heç nə yoxdur.
Azərbaycanda bu gün artıq bəlli olur ki, partiya deyilən şey yoxdur. Siyasətdə şişirtmə intihara bərabərdir. Təsəvvür edin ki, özünüzü inandırırsınız və yaxud ətrafındakı insanları inandırırsınız ki, sizin silahınız var, real döyüş başlayanda aydın olur ki, silahınız yoxdur. Azərbaycandakı vəziyyət də məhz belədir. Buna görə də partiya qurmamağımı özümün ən böyük səhvim hesab etməzdim. Mən xalq qarşısında borcumu yerinə yetirməmişəm. Ona görə də indi Allahın verdiyi fürsətlərini istifadə edib, bu günə qədər xalqımın qarşısında olan o vermədiyim borcları verməyə çalışıram. Bəlkə də bu, o dünyada günahıma yazılacaq, onu Allah bilər.
Azərbaycandan getməzdən əvvəl o vaxtkı Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyevlə görüşmüsünüz. Bu görüş haqqında ətraflı danışa bilərsinizmi? Mədət Quliyev sizinlə nə barədə söhbət etmişdi?
Əvəlla deyim ki, mən Mədət Quliyevlə görüşməmişəm. 25 mart 2018-ci ildə Dövlət Təhlükəzislik Xidmətinin 2 əməkdaşı mənim maşınımı Milli Məclisin arxasında saxlayıb, məni DTX-ya, belə deyim, nəzakətli, mədəni şəkildə dəvət etdilər. Yəni, mən özüm ora könüllü getməmişdim, məni ora aparmışdılar.
Görüşdə də məqsəd aydın oldu ki, Mədət Quliyevi maraqlandıran Avropada bir nəfərin hərəkətləri idi. Söhbət etdi və açıq şəkildə bildirdi ki, İ.Əliyevi kimsə inandırıb ki ona qarşı olan söyüş kampaniyasını guya mən idarə edirəm, kimisə söyməyə mən yönləndirirəm. Mən cavab olaraq dedim ki: "Sən məni nə hesab edirsən? Mən uşağam ki, kimisə söyməyə öyrədim?" O bildirdi ki, Əliyev mənim həbsimi göstəriş edib. O vaxt, qayda elə olub ki Baş Prokurorluqdan, Ali Məhkəmənin sədrindən, birdə Prezident Administrasiyasında olan Fuad Ələsgərovdan fikir soruşublar və, Mədət Quliyevin dediyinə görə, onların hamısı mənim həbsimə razılıq verib. Amma o özü bu məsələni aydınlaşdırmaq üçün icazə alıb.
Aydın oldu ki, bu, boş söhbət idi və kimsə mənim haqqımda dezinformasiya yaymışdı. Görüşdən istifadə edib, ölkədəki vəziyyəti ətraflı izah elədim. Dedim ki, belə davam edərsə, ölkədə mütləq gec-tez xaos yaranacaq, qarşıdurma baş verəcək, millət bezib artıq. O da mənim dediklərimi qeyd etdi, dedi prezidentə çatdıracaq. Amma bu görüşdə Mədət Quliyevin mənə dediyi bir şəxsi söz oldu. Dedi: "Qurban müəllim, bunları siz deyənlər maraqlandırmır, bunları yalnız pul maraqlandırır, pul düşündürür." Bu, Mədətin mənə şəxsən dediyi söz idi.
Sonra, mart ayın 31-də gecə oğlum zəng elədi ki: "Ata, təcili çıxmaq lazımdır." Məlumat alınmışdı ki, prezident seçkilərindən əvvəl və ya sonra kütləvi həbslər olacaq. Nəsə, mən aprelin 1-də, günorta saat 12-də çıxdım. Çoxları hələ də sual verirlər ki, mən nətər oldu ki, gecə xəbər aldım, gündüz çıxdım İngiltərəyə getdim, və vizanı necə aldım. Mən 2017-ci ildə 5 illik viza almışdım artıq. Çünki 2015-dən başlayaraq nəvələrimin və oğlumun yanına gedib gəlmişdim Ingiltərəyə. Sonra ayləm ilə qərara gəldik ki, hər dəfə vaxt itirməmək üçün 5illik bir viza alım. Bu da bir Allahın lütfü idi ki, bir il qabağcadan 5 illik vizam var idi. Məlumat alan kimi çıxdım.
Mədət Quliyevlə bizim görüşümüz belə olub.
Azərbaycanın idarəetmə forması və ərazi quruluşunu necə görürsünüz? Azərbaycanın yeni Konstitusiyası və ümumilikdə qanunvericilik bazasının layihəsini hazırlamağa planlaşdırırsınızmı?
Açıqı deyim ki, biz hal-hazırda Xalq Parlamentinin yaradılması ilə məşğuluq. Xalq Parlamentinin qarşısıda duran ən vacib məsələlərdən biri də yeni bir Konstitusiyanın hazırlanmasıdır. Təbii ki, bizdə köklü dəyişikliklər edilməlidir. Konstitusiyanın özündə də böyük dəyişikliklər olmalıdır. İndiki Konstitusiya əsl Konstitusiya deyil; bu, Heydər Əliyevin şəxsi hakimiyyətini qorumaq üçün qəbul etdiyi nizamnamədir. İnşAllah, biz onu mütləq yeniləyəcəyik.
O ki qaldı Azərbaycanın idarəetmə formasınə, mən Parlament Respublikasının tərəfdarıyam. Bizdə prezident idarəçiliyi özünü doğrultmur. Bu cür idarəçilik xalqımız üçün ziyanlıdır.
İndiki ərazi bölgüsü də kökündən dəyişilməlidir, maksimum 5-6 regiona bölünməlidir. Regionlara valilər təyin olunmalıdır və əsas səlahiyyətləri yerli özünüidarəçiliyə vermək lazımdır. Bələdiyyələrin funksiyaları genişləndirilməli, hüquqları artırılmalıdır. Əsasən də bələdiyyələrə normal işləməyə şərait yaradılmalı və onlardan da məsuliyyət tələb edilməlidir. Bu sahədə planlarımız çoxdur və xalqımızın köməyi ilə bu islahatları tezliklə həyata keçirəcəyik.
Sizcə, Əliyev rejimi nə qədər monolitdir?
İlham Əliyevin rejimi kifayət qədər monolitdir, amma kifayət qədər güclü deyil. İstənilən diktaturanın taleyini İ.Əliyevin rejimi də yaşayacaq. Biz gücləndikcə, biz birləşdikcə, xalq bir araya gəldikcə diktatura zəifləyəcəkdir. Hakimyyətin monolit olmaması, qruplardan ibarət olması ilə bağlı yayılan məlumatlar isə məncə dezinformasiyadır. Bu xalqı ciddi mübarizədən yayındırmaq üçün istifadə edilən bir siyasi metoddur. Xalqı "Onsuzda dağılırlar, özləri bir birini qıracaqlar, biz niyə risk eliyək" kimi düşünməyə vadar etmək üçün bir siyasi metoddur. Diktaturalarda yad fikirli, azad fikirli şəxslər ola bilməz. Əgər monolitlik yoxdursa, deməli, orada diktatura deyil, demokratiya var, elə deyilmi? Əliyev rejimi monolitdir, amma zəifdir.
Azərbaycan vətəndaşlarının əksəriyyəti bu günədək siyasətə biganədir. Bu vəziyyətdən çıxış yolunu necə görürsünüz? Xalqı apatiyadan necə çıxarmaq olar?
Təbii, xalqımız apolitik vəziyyətdədir, taleyinə laqeyddir, və bu nəticəni əldə etmək üçün hakimiyyət milyonlarla pul xərcləyib. Siz də yəqin bilirsiniz ki, əldə qayırma partiyalar, müxalifət obrazları, saxta müxalifətçilər dəfələrlə xalqa vəd verib, xalqı aldadıb ümidlərini puç ediblər. Ona görə də xalq indiki durumdadır. Bu vəziyyəti aradan qaldırmaq üçün biz işləməliyik, sadəcə olaraq çalışmalıyıq. Mən son 6 ildə "AzerFreedom" kanalında məhz bu işlə məşğulam. Mən qəti əminəm ki, xalqımız öz gücünə inansa, öz öndərlərinin səmimiyyətinə inansa — 20 yanvarda bütün dünyaya gövdə təqdim edən, öz gücünü göstərən xalqıq biz — mütləq bu xalq yenə də qalxacaqdır. Heç narahat olmağa ehtiyac yoxdur. Xalqımız artıq yavaş-yavaş hərəkətə gəlməkdədir. Məncə az qalıb, çox az.
Ötən günlərdə Xalq Parlamentini yaradılması təşəbbüsünü elan etdiniz. Bu parlament necə formalaşdırılacaq? Əgər efirdə səsvermə yolu ilə olarsa, səsvermə zamanı potensial trolları necə ayırd edəcəksiniz?
Biz hələlik təşəbbüs qrupunun yaradılması ilə məşğuluq, daha doğrusu təsisçilərin təyin olunması ilə, araşdırılması ilə məşğuluq. Parlament elan olunandan sonra təsisçilər lazım olan sənədləri hazırlayacaqlar. Mən o sənədlərin əsas prinsiplərini artıq hazırlamışam və yoldaşlara təqdim etmişəm. Hal-hazırda həmin sənədlər müzakirə olunur.
Seçkilərə gəldikdə isə, 125 dairə üzrə 1 sentyabrda Azərbaycanın indiki hakimiyyəti tərəfindən keçirilmiş qanunsuz seçkilərdə haqqı pozulan və ya haqqının pozulduğunu iddia edən hər bir şəxs avtomatik olaraq bizim Xalq Parlamentinin seçkidən kənar üzvü olacaq. Çünki həmin şəxslər artıq o seçkilərdə iştirak ediblər, pis-yaxşı səs toplayıblar, hakimiyyət onların səslərini mənimsəyib, oğurlayıb. Bundan başqa, biz rayonlar üzrə seçkilər keçirmək niyyətindəyik. Hər rayondan iki nəfər olmaq şərti ilə, social və etnik qruplar arasında seçkilər keçirəcəyik.
Mən hesab edirəm ki, parlamentimiz, lazım gəlsə, 2 palatalı olmalıdır və Azərbaycanda yaşayan bütün xalqlar mütləq, hərəsindən ən azı 2-3 nəfərlə parlamentdə təmsil olmalıdır. Çünki hər millət öz dərdini, öz problemini parlamentə gətirməlidir və dövlətin də vəzifəsi xalqların dil, mədəniyyət, yerli idarəçetmə problemlərini həll etmək olmalıdir. İnşAllah buna nail olacağıq.
O ki qaldı seçkidə hansısa saxtakarlıq hallarının olub-olmamasına, bu sahədə tədbiq olunan təcrübə var. Məsələn, Ukraynada müəyyən proqramlar mövcuddur. Çalışacağıq ki, mümkün qədər sui-istifadə hallarına yol verilməsin.
Xalq Parlamenti Rusiyalı müxalifətin vaxtilə dağılmış Koordinasiya Şurası kimi dağılmazmı?
Hər şeyin dağılmaq ehtimalı var. Bu dünyada dağılmayan heç nə yoxdur, ona görə bizdə də elə ola bilər. Biz işimizi möhkəm tutmalıyıq, dağılmasını istəmiriksə, onu ləyaqətli, səmimi, namuslu insanlardan formalaşdırmalıyıq. Və sənədlərdə təşkilatın içərisində fitnə salınmaması üçün, dağılmaması üçün biz indidən elə prinsiplər müəyyən etməıiyik ki, sizin dediyiniz meyillər mümkün qədər az olsun.
Sizcə, hansı ölkələr və beynəlxalq təşkilatlar Xalq Parlamentini tanımağa və ona lazımi dəstəyi göstərməyə razı olacaqlar?
Bu barədə indidən danışmaq çətindir. Biz öncə öz üzərimizə düşəni etməliyik, parlamentimizi qurmalıyıq. Parlamenti qurandan sonra Mühacir Hökumətini yaratmalıyıq. Bununla yanaşı, eyni zamanda biz Konstitusiya Məhkəməsinin funksiyalarını icra edən bir qurum da təsis etməliyik. Konstitusiyanın mətnini hazırlamaq üçün isə ayrı bir qrup olmalıdır.
Mühacir Hökumətinin nümayəndiləri xarici dövrətlərlə və beynəlxalq təşkilatlarla danışıqlar aparıb ölkədəki vəziyyəti çatdıracaqlar. Onlar, həmçinin, Azərbaycandakı hakimiyyəti qanunsuz olduğunu izah edib, hakimiyyətin xalqın iradəsinin ifadə etmədiyini bildirəcəklər. Eyni zamanda, mövcud hakimiyyətlə imzalanan müqavilələrin gələcəkdə hüquqi baxımdan təhlükə altına düşə biləcəyini qeyd edəcəklər.
Təbii ki, bütün bunlar bizim planlarımız, arzu və istəklərmizdir. Hər şey Azərbaycan xalqının Xalq Parlamentinə verəcəyi dəstəkdən, yəni onun legitimləşdirəcəyindən asılıdır. Əgər xalq bizi faktiki olaraq qəbul etsə, inanıram ki, xarici dövlətlər də xalqın mövqeyinə hörmətlə yanaşacaqlar.
Xalq Parlamenti nə qədər müddət ərzində fəaliyyətə başlayacaq? Onun strukturu necə olacaq? Yeni təşkilatın maliyyələşdirilməsi və hüquqi təminatı məsələsini necə həll etməyi planlaşdırırsınız?
Qeyd etdiyim kimi, indiki mərhələdə Xalq Parlamentinin təsisçilərinin dairəsi müəyyənləşdirilir. Təsisçilər elə insanlar olmalıdır ki geniş xalq kütlələrinin dəstəyini, etimadını qazansınlar. Yəni, legitimliyə gedən yol bu addımla başlayır. Həmçinin, təsis bəyannaməsini elan edəcəyik, ondan sonra parlamentin tələb olunan sənədlərinin hazırlanmasına və seçkilərin keçirilməsinə başlayacağıq.
O ki qaldı maliyyə məsələsinə, hər halda Parlamentin üzvləri və Azərbaycan xalqı fəaliyyətimizə dəstək göstərəcək. Müxtəlif tədbirlərin keçirilməsi üçün maliyyə vəsaiti tələb olunacaq. Mən sizə bir şey deyim ki, biz birləşdikcə, ortaya qüc qoyduqca ölkənin iş adamları da Parlamentə dəstək verəcəklər.