Pandemiyaya qədər erkən nikahların azalmasını müşahidə edirdik. Pandemiyanın zəifləməsindən sonra bu problemlərin yenidən meydana çıxacağını gözləyirdik. Yaxşı tərəf odur ki, Masallıdakı hadisə vaxtında aşkarlanıb və 14 yaşlı qızın ərə verilməsinin qarşısı alınıb. Əfsuslar olsun ki, hələ də bu stereotiplərdən və qaydalardan qurtula bilmirik.
Avrasiya.net xəbər verir ki, bu sözləri “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. Mayın 5-də Lənkəran şəhərinin istirahət mərkəzlərinin birində 14 yaşlı qızla 36 yaşlı kişinin keçirilən nişan mərasimindən danışan ekspert bildirib ki, belə halların qarşısının alınmasında gənc dəstək qrupları yaratmalıyıq:
“Eyni zamanda, uşaqların və gənclərin təhsilə marağını artırmalıyıq. Belə hallarla qətiyyətlə mübarizə aparmaq lazımdır. Qanunlar nə qədər sərtləşsə də, yenə də nələrsə ortaya çıxır. Mənə elə gəlir ki, həmin ərazilər üzrə ictimai qınaq kampaniyalarını çox ciddi şəkildə işə salmalıyıq. Cəmiyyət özü bu məsələdə aktiv iştirakçıya çevrilməlidir. Bu insanların toylarına getməməklə erkən nikahları boykot edə bilərik. Belə adamlar az-çox cəza alıb”.
M.Zeynalova qeyd edib ki, erkən nikahlarda qızlarımızın əsasən yaşlı insanlarla izdivac qurması qeydə alınır:
“Guya ki, bu, qızın gələcəyini sığortalayır, ailənin möhkəm olmasına əminlik hissi yaradır. “Cavana gedən yumruq yeyər, qocaya gedən quyruq” misalı burada yerinə düşər. Amma göründüyü kimi, belə olmur”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.
Məlumat üçün bildirək ki, məsələ ilə bağlı 07.06.2021-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının Bədəlan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi və mətbuatda yayılan məlumat əsasında Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri və məsul katibi, Hüquq şöbəsinin müdiri, Rayon Polis şöbəsinin məsul əməkdaşı, ərazi nümayəndəsi və məktəb direktoru rayon İcra Hakimiyyətində yaradılan İctimai Şuranın üzvlərilə birgə sözügedən ailə ilə yaşadıqları ünvanda görüşüb və eyni zamanda qeyd olunan müraciət rayon Polis şöbəsinə təqdim edilib.
Araşdırma zamanı məlum olub ki, 11.07.2006-cı il təvəllüdlü, Bədəlan kənd tam orta məktəbinin 8-ci sinif şagirdi azyaşlı N.N-in (ad şərtidir) atası 2017-ci ildə vəfat edib və hazırda azyaşlı anası və azyaşlı qardaşı ilə birlikdə yaşayır. Ailə üzvləri və yaxınlarının sözlərinə görə, 05.06.2021-ci il tarixində azyaşlı ilə hazırda Bədəlan kəndində olan, Rusiya Federasiyası vətəndaşı, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olan 1985-ci il təvəllüdlü N.N arasında Lənkəran rayonunun Osaküçə kəndində yerləşən restoranların birində üzüktaxma mərasimi olub.
Təşkil olunan komissiyanın üzvləri tərəfindən azyaşlı, valideyni və orada olan yaxınları ilə maarifləndirici-profilaktiki söhbətlər aparılıb, Azərbaycan Respublikasının müvafiq sahədə Qanunlarının müddəaları izah olunub, məsuliyyətləri barədə xəbərdarlıq edilib. Azyaşlının valideyni həyat yoldaşının vəfat etdiyini, ailəsinin başsız qaldığını və bu səbəbdən qızını ad etməyə razılıq verdiyini, qızının nikah yaşı çatdıqdan sonra nikaha daxil olmasına razılıq verəcəyini bildirib. Azyaşlı heç bir məcburiyyətin olmadığını, öz istəyi ilə söz kəsildiyini, söz kəsildiyi oğlanla aralarındakı yaş fərqinin ona heç bir narahatlıq yaratmadığını, nikah yaşı çatdıqdan sonra nikaha daxil olacağını deyib.
Komissiya azyaşlıya erkən nikahın fəsadlarını izah edib, təhsil almasını və nikah yaşı çatmamış nikaha daxil olmamasını tövsiyə edib. Eyni zamanda, nikaha məcbur ediləcəyi təqdirdə, Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzinə müraciət edə biləcəyi azyaşlıya bildirilib.