Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) və İsveçrənin “Signalhorn” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu barədə "Azərkosmos"dan bildirilib.
Məlumatda deyilir ki, müqaviləyə əsasən, “Signalhorn” “Azerspace-1” peykinin C diapazonu vasitəsilə Afrika regionundan olan müştərilərinə xidmət göstərəcək.
“Azərkosmos” və “Signalhorn” “iDirect” peyk rabitə platformasından istifadə etməklə Afrikada humanitar yönümlü layihələrdə genişzolaqlı peyk xidmətləri və çoxsaylı peyk tətbiqləri təqdim edəcək.
“Siqnalhorn” ilə əməkdaşlığımız Afrika regionundakı mövqeyimizi daha da gücləndirəcək, qabaqcıl, etibarlı və çevik həllərimiz yeni layihələrə yol açacaq”, – deyə "Azərkosmos"un baş kommersiya direktoru Mark Qusriye bildirib.
“Yeni müqavilə iki şirkət arasındakı davamlı əməkdaşlığı təmin edəcək və Afrikada “Azerspace-1” peykindən istifadə edənlərin sayı artmış olacaq. Biz tərəfdaşımız Azərkosmosla birgə xidmətimizin etibarlılığına tam əminik”, – deyə “Signalhorn”un baş kommersiya direktoru Nigel Gibson qeyd edib.
“Signalhorn” şirkəti qlobal miqyasda şəbəkə xidmətləri və kommunikasiya həlləri üzrə 40 ildən çox təcrübəyə malikdir.