Rəisi mayın 19-da ölümünə saatlar qalanda Azərbaycan-İran sərhədində Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə Araz çayı üzərində yeni bəndin açılışı mərasimində iştirak edib
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistan hökuməti İranın mərhum prezidenti İbrahim Rəisinin Azərbaycanda keçirilmiş açılış mərasimindən sonra Ermənistana gəlməli olduğuna, amma son anda fikrini dəyişdiyinə dair xəbərləri nə təkzib, nə də təsdiq edib.
Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan Azatutyunun sorğusuna cavab olaraq qısa bəyanatla kifayətlənib.
O deyib ki, rəsmi məlumatlar yüksək vəzifəli xarici qonaqların səfərləri təsdiqləndiyi hallarda verilir.
Rusiyanın TASS dövlət xəbər agentliyi “adı çəkilməyən mənbələrə” istinadla bildirib ki, bazar günü Rəisi Ermənistanda keçiriləcək bir yol layihəsinin açılışında iştirak etməli idi, amma həmin səfər son anda təxirə salınıb.
Rəisi mayın 19-da Azərbaycan-İran sərhədində Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə Araz çayı üzərində yeni bəndin açılışı mərasimində iştirak edib.
Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian, habelə onları müşayiət edən başqa İran rəsmiləri bu tədbirdən qayıdarkən onları daşıyan helikopter İranın Şərqi Azərbaycan ostanında meşəlik və dağlıq ərazidə qəzaya uğrayıb.