Endokrinoloq Ayna Süleymanovanın şərhi
Şəkərli diabeti olan insanlara peyvənd zəruridir, ancaq ciddi həkim nəzarəti son dərəcə vacibdir.
Bu barədə Media.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin hospitalının endokrinoloqu Ayna Süleymanova diabet xəstələri və qalxanvari vəzi xəstəliyi olan insanların vaksinasiyası ilə bağlı sualı cavablandırarkən bildirib.
Onun sözlərinə görə, şəkər xəstələrində koronavirus infeksiyasından ölüm faizi və ağır keçirmə riski digərlərinə nisbətən çoxdur.
“Vaksinasiya yalnız xəstənin ümumi vəziyyəti qənaətbəxş olduqda mümkündür”, - deyə mütəxəssis əlavə edib.
Həkim qalxanvari vəzi xəstəliklərinə gəldikdə isə otoimmun genez xəstəliklərini xüsusi qeyd edərək, bu xəstələrdə COVID-19 vaksinasiyasının xüsusi ehtiyatla aparılmalı olduğu barədə xəbərdarlıq etdi.
“Bu günə qədər bu mövzuda olduqca qeyri-müəyyən açıqlamalar var, çünki immunitet aparatının bu vəziyyətdə necə davranacağı bilinmir”, - deyə o, əlavə edib.
Endokrinoloq bildirdi ki, otoimmun tiroidit (Hashimoto), diffuz toksik zob (Greyvs xəstəliyi) və sair vaksinasiyanın əks göstəriş olduğu patologiyalardandır, yaxud xüsusi ehtiyatla aparılmalıdır.
“Hər bir halda, vaksinasiya həyata keçirilməzdən əvvəl, endokrin profili olan xəstələr arzuolunmaz təsirlərdən yan olmaq və sağlamlığı qorumaq üçün bir mütəxəssislə məsləhətləşməlidirlər”, - deyə Ayna Süleymanova vurğulayıb.