Azərbaycanda dini qaydalarla yönəldilən “Kərimə” dövləti qurmağa cəhddə ittiham olunan 13 nəfər məhkəmə önünə çıxarılıb. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Cinayət işinin materiallarında iddia olunur ki, təqsirləndirilən şəxslər Azərbaycanda dini dövlət yaratmaqla yanaşı, həm də keçmiş təhsil naziri Misir Mərdanova, “Real TV”nin rəhbəri Mir Şahin Ağayevə xəsarət yetirib, onları cəzalandırmaq istəyiblər. Buna səbəb M.Mərdanovun nazir olduğu dövrdə məktəblərdə hicabı yasaqlayan qərar verməsi, M.Ş.Ağayevinsə efirdə “İmam Hüseynova bacıları” ifadəsini işlətməsi olub.
İttihama görə, İranda yaşayan azərbaycanlı Rufulla Axundzadə və oğlu Əlmürsəl Axundzadə sosial şəbəkələrdə müxtəlif adlarla qruplar yaradıblar. Ata-oğul Axundzadələrin İranın xüsusi xidmət orqanlarıyla əməkdaşlıq etdiyi iddia olunur. Təqsirləndirilən şəxslərlə “Qisas 313” və başqa qruplarda müzakirələr aparılıb, tapşırıqlar verilib.
Axundzadələr haqqında qiyabi həbs qərarı çıxarılıb, onlar axtarışa veriliblər.
On üç nəfər arasında yetkinlik yaşına çatmamış lisey şagirdi, Seçenov adına Moskva Dövlət Tibb Universitetinin 5-ci kurs tələbəsi də var.