Cərimələrin 50 faizinin hərbçilərin maaşlarına əlavə edilməsi nəzərdə tutulur.
Hərbi-nəqliyyat vəzifəsi haqqında qanunvericiliyin pozulmasına görə isə cərimələrin artırılması nəzərdə tutulur
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişikliklər ediləcəyi gözlənilir.
Bununla bağlı qanun layihəsi yanvarın 23-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna 49.5-ci maddə əlavə edilir. Həmin maddəyə görə, bu Qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumda xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün həmin qurumun hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilir.
Sənədə əlavə edilən qeyd hissəsinə əsasən isə, bu Qanunun 49.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələr” dedikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən baxılan və həmin orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən və ya inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələr başa düşülür.
Hərbi-nəqliyyat vəzifəsi haqqında qanunvericiliyin pozulmasına görə cərimələrin artırılması nəzərdə tutulur. Bu isə Komitənin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, Azərbaycan Respublikasının dövlət və yerli özünüidarəetmə orqanları, nəqliyyat vasitələrinin mülkiyyətçisi (sahibi) olan təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının sorğusuna əsasən nəqliyyat vasitələrinin mövcudluğu və texniki vəziyyəti barədə məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz əlli manatadək məbləğdə cərimə edilir.
Layihəyə əsasən, Azərbaycan Respublikasının dövlət və yerli özünüidarəetmə orqanları, nəqliyyat vasitələrinin mülkiyyətçisi (sahibi) olan təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının sorğusuna əsasən nəqliyyat vasitələrinin mövcudluğu və texniki vəziyyəti barədə məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər doqquz yüz manatdan min yüz manatadək məbləğdə cərimə ediləcək.
Qüvvədə olan qanuna əsasən, səfərbərlik tapşırıqlarına uyğun olaraq hərbi-nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə müəyyən edilmiş qaydada təqdim olunmamasına görə vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.
Layihəyə əsasən, səfərbərlik tapşırıqlarına uyğun olaraq hərbi-nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə müəyyən edilmiş qaydada təqdim olunmamasına görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə ediləcək.
“Hərbi xidmətkeçmə haqqında” əsasnamədə də dəyişiklik edilir.
Qanun layihəsinə əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsinin üçüncü-beşinci hissələri müvafiq olaraq dördüncü-altıncı hissələr hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
“Həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları Azərbaycan Respublikasının dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan tədbirlərdə, ehtiyata və ya istefaya buraxıldıqları dövlət orqanının (qurumunun) əməkdaşlarının peşə bayramı günlərində, habelə “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü”ndə, “Zəfər Günü”ndə və “Azərbaycan Respublikasında Anım Günü”ndə daşıya bilərlər”.
Azərbaycanda 21 yaşına çatmış vətəndaşlara mülki odlu silah əldə etmək hüququ verilir.
Bu məsələ isə “Xidməti və mülki silah haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, qanunun tələblərinə müvafiq olaraq Azərbaycanda on səkkiz yaşına çatmış ölkə vətəndaşlarının (mülki silah əldə etmək hüququ var. Layihəyə əsasən, Azərbaycan Respublikasında on səkkiz yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının odlu silah istisna olmaqla, mülki silah əldə etmək hüququ olacaq. Azərbaycan Respublikasında iyirmi bir yaşına çatmış vətəndaşlara isə mülki odlu silah əldə etmək hüququ verilir.