Azərbaycanda amnistiya aktının qəbuluna ehtiyac var. Bu barədə fevralın 3-də Milli Məclisin iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.
O xatırladıb ki, müstəqillik illərində Azərbaycanda 13 amnistiya aktı və 70-dən çox əfv sərəncamı qəbul olunub.
“Parlament yenə təşəbbüs göstərib Müstəqillik Gününədək (28 may) belə amnistiya aktını işləyib hazırlaya bilər”, - Novruzov deyib.
Onun fikrincə, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edənlərə amnistiya verilə bilər.
Hüquq müdafiəçisi Samir Kazımlı Bu təklifi Turan-a şərh edərkən deyib kki, indiyə qədər Azərbaycanda onlarla amnistiya aktının və əfv sərəncamının olmasına baxmayaraq, Azərbaycanda siyasi məhbuslar problemi qalır.
Problemin kökündən həlli üçün hakimiyyətin siyasi iradəsi, real məhkəmə-hüquq islahatları, məhkəmə hakimiyyətinin müstəqilliyi və siyasi motivli həbslərin dayandırılması lazımdır.
“Əfvlər yarımçıq olur. Amnistiyaya daha çox Cinayət Məcəlləsinin müəyyən maddələri üzrə cinayət törətmiş şəxslər düşür. Nəticədə siyasi məhbuslar problemi həll olunmur”,- Kazımlı qeyd edib.
Sonuncu dəfə amnistiya aktı 4 il əvvəl, 5 noyabr 2021-ci il Qələbə Günü (İkinci Qarabağ Müharibəsində) münasibətilə qəbul edilib. O 16 min nəfərə şamil edilib, o cümlədən 3 min adam həbsdən azad edilib. Lakin bu amnistiya siyasi məhbuslara şamil edilməyib.