Qanunsuz həbs edilmiş ADR Partiyasının sədri, professor Qubad İbadoğlunun 12 gün öncə keçirilmiş Apellyasiya məhkəməsinə ictimai dəstək üçün gəlmək istəyən ADR fəalı Ənvər Ağamalızadə polislər tərəfindən 33-cü polis bölməsinə aparılmış və 10 saat bölmədə ac susuz saxlanılmaqla bərabər təhqirlərə, fiziki zorakılığa məruz qalmışdı.
Ənvər müəllimin dediyinə görə onu boynunun arxasından bölmə rəisinin müavini Elçin adlı zabit güclü zərbə vurmuş, digər polislər isə qıçlarına, kürəyinə təpik və yumruqla zərbələr endirmişdilər.
Faktla bağlı Ənvər müəllim Suraxanı rayon prokurorluğuna şikayət ərizəsi təqdim etmişdir.
Dünən prokurorluq şikayət üzrə araşdırmalara başlamış və Ənvər müəllimi tibbi müayinəyə cəlb etmişdir.
10 gündən artıq zaman keçməsinə baxmayaraq tibbi müayinə zamanı onun kürəyinə və boynunun arxasına - şah damarının üzərinə endirilmiş zərbələrin ciddi qalıcı izləri qeydə alınmışdır. Müayinə zamanı zərbə nəticəsində Ənvər müəllimin sol gözündə görmə qabiliyyətinin zəifləməsi də qeydə alınmışdır.