Ötən həftə sonu Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 1988-ci il təvəllüdlü Sakit Musayevi saxlayıb, xəbəri DİN-in mətbuat xidməti yayıb.
Onun üzərindən və evindən ümumilikdə 50 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, tiryək və metamfetamin aşkarlanaraq götürülüb.
Məlumatda qeyd edilir ki, Musayev narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əvvəlcədən müəyyən olunmuş yerdən götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıb.
DİN iddia edir ki, Musayev narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəbəkənin əsas üzvlərindən biridir.
Faktla bağlı cinayət işi başlanıb, narkoşəbəkənin digər iştirakçılarının şəxsiyyətlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir.