Sərbəst güləş üzrə 14 qat Azərbaycan çempionu, Ukraynadakı Azərbaycan diasporasının rəhbərlərindən olmuş Oleq Bakinski (Krapivin) həbs olunub. Daxili İşlər Nazirliyindən məlumat təsdiqlənib və bildirilib ki, qeyd olunan şəxs konkret cinayət əməlinə görə saxlanılıb. Barəsində məhkəmə yolu ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Məlumat üçün bildirək ki, 1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1966-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Bakıxanov qəsəbəsindəki idman təmayüllü internat məktəbində oxuyub. 1989-cu ildən Kiyev şəhərində yaşayırdı. 4 övlad atası olan Bakinski Rusiyanın Ukraynaya qarşı müharibəsinin ilk aylarında Kiyevi tərk edərək Bakıda məskunlaşıb. Ukrayna polisi onu adam oğurluğu və sair cinayətlərdə şübhəli bilərək ölkəyə girişini əngəlləyib. Bakinskinin bu ölkədəki daşınan və daşınmaz əmlakı həbsdədir. 84 milyon dollarlıq sərvəti ilə Ukraynanın 100 ən varlı adamı siyahısına daxil olan Bakinski son aylar Almaniyaya mütəmadi səfərlər edərək Avropadakı Azərbaycan diasporası ilə ciddi əlaqələr qururdu. Prezident İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif olunan Bakinski kriminal avtoritet kimi cəmiyyətdə daha çox diqqət çəkib.