Yanvarın 29-da Bakı Apellyasiya Məhkəməsi “Abzas Media” işi üzrə həbs edilən jurnalist Nərgiz Absalamovanın daha bir şikayətini təmin etməyib.
Şikayət jurnalistin ailə üzvləri ilə görüş və telefon danışığının qadağan edilməsi ilə bağlı olub.
Vəkil Rövşanə Rəhimlinin “Turan”a verdiyi məlumata görə, istintaq qadağanı Absalamovanın ailə üzvləri ilə ünsiyyətindən "cinayət törətmiş digər şəxslərin ifşasına mane olmaq üçün" istifadə oluna biləcəyi ilə əsaslandırır.
Müdafiə tərəfi bu iddiaları əsassız hesab edir.
“Abzas Media” işi üzrə noyabrın 20-də nəşrin direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin “Abzas Media”nın apardığı korrupsiya araşdırmaları ilə əlaqədar olduğunu bildirirlər.