Gürcüstanda ekstradisiya məqsədi ilə barəsində 3 ay həbs qətimkan tədbiri seçilmiş AzelTV saytının rəhbəri, azərbaycanlı jurnalist Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova avqustun 21-də ilk dəfə saxlanıldığı Qldanidəki 8 saylı cəzaçəkmə müəssisəsində onunla görüşüb.
Sadıqova bildirib ki, həyat yoldaşını çox gərgin və narahat görüb.
"Əfqan Tbilisidə daim təhdid altında olan azyaşlı övladlarımızdan narahatdır. Onunla eyni kameraya öz adamlarını yerləşdiriblər. Sağlamlığında da problemlər yaranıb. Əfqanın əsəb sistemi pozulub, yuxusuzluqdan əziyyət çəkir. Müxtəlif dərmanlar qəbul etsə də, gərginliyi keçmir", deyə Sevinc Sadıqova qeyd edib.
Sadıqova həmçinin həyat yoldaşına istinadən bildirib ki, jurnalist ona qarşı olan cinayət işində adları keçən insanları tanımır.
"O dedi ki, cinayət işində ona qarşı adı keçən insanların heç birini tanımır, onları görməyib və heç zaman telefonla belə ünsiyyətdə olmayıb. Sadəcə ona qarşı ittiham uydurulub. Əfqan hesab edir ki, ekstradisiya olunarsa onu Azərbaycanda ciddi təhlükə gözləyir. Ekstradisiyadan sonra hansı ittihamı istəsələr, onu da uyduracaqlar. O, saxlanılmasının tənqidi məqalələri ilə bağlı olduğunu bildirdi", deyə Sadıqova qeyd edib.
Azərbaycanlı jurnalist ötən il dekabrın 24-dən Gürcüstanda yaşayır. O, Gürcüstana müalicə üçün getdiyini və sonra təhdidə məruz qaldığına görə ölkəyə qayıtmasının təhlükəli olduğunu bildirib.
Jurnalist avqustun 3-də Gürcüstan polisi tərəfindən saxlanılıb. Avqustun 4-də Tbilisi Şəhər Məhkəməsi hakim Ketevan Caçvadzenin sədrliyi ilə Əfqan Sadıqov barəsində ekstradisiya məqsədi ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Məhkəmədə bildirilib ki, Əfqan Sadıqova qarşı mayın 10-da Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2.2-ci və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlər - "hədə-qorxu ilə tələb etmə, başqasının külli miqdarda əmlakını ələ keçirmə, dəfələrlə təhqiredici məlumat yaymaqla hədələmə" üzrə cinayət işi qaldırılıb.