
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov hava hücumundan müdafiə (HHM) hərbi hissəsinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.
Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı müdafiə naziri, eləcə də müdafiə nazirinin müavini – Namiq İslamzadə, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə hərbi hissənin komanda məntəqəsində olub. Nazir xidməti tapşırıqların icrası və mövcud əməliyyat şəraiti barədə məruzələri dinləyib.
Nazirliyin rəhbər heyəti ixtisas hazırlığı üzrə məşğələlərin keçirilməsini izləyib. Şəxsi heyətin peşəkarlıq səviyyəsi, nəzəri biliklərin praktik tətbiqi, eləcə də silah və texnikadan düzgün istifadə bacarıqları yüksək qiymətləndirilib.
General-polkovnik Zakir Həsənov təlim və məşqlər zamanı HHM bölmələrinin arsenalına yeni daxil edilmiş müasir silah və texnikanın taktiki-texniki xüsusiyyətlərinin dərindən öyrənilməsi, onların döyüş şəraitində effektiv tətbiqi imkanlarının mənimsənilməsi və şəxsi heyətin bu vasitələrdən təhlükəsiz istifadə bacarıqlarının artırılması ilə bağlı Hava Döyüş Komandanlığına müvafiq tapşırıqlar verib.