
İlham Əliyev Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa Siyasi Birliyi Zirvə toplantısında videobağlantı formatında çıxış edib.
Prezident çıxışında bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh artıq reallığa çevrilib və tərəflər sülh şəraitində yaşamağı öyrənirlər. Onun sözlərinə görə, əldə olunan razılaşmalardan sonra Azərbaycan Ermənistana tətbiq olunan bütün tranzit məhdudiyyətlərini aradan qaldırıb və artıq bu ölkəyə minlərlə ton yük daşınıb.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan ilk dəfə olaraq Ermənistana neft məhsullarının ixracına başlayıb və bu, iki ölkə arasında iqtisadi münasibətlərin formalaşmasına töhfə verib.
İlham Əliyev çıxışında həmçinin vurğulayıb ki, növbəti zirvə görüşlərindən biri 2028-ci ildə Azərbaycanda keçiriləcək və bununla bağlı üzv ölkələrə dəvət ünvanlayıb.
Prezident bəzi Avropa təsisatlarını, xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasını tənqid edərək, onları Azərbaycana qarşı qərəzli mövqe tutmaqda ittiham edib.
Tədbirdə çıxış edən Nikol Paşinyan isə Azərbaycanla sülhün əldə olunduğunu və artıq iki ildir tərəflər arasında itkilərin olmadığını bildirib. O, həmçinin gələcəkdə sülhün daha da möhkəmləndirilməsi istiqamətində işlərin davam etdiyini vurğulayıb.
Zirvə toplantısında çıxış edən digər liderlər də Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstək ifadə ediblər.